Dilan Polatla ərinin əmlakları müsadirə olundu
Sosial media fenomeni Dilan Polat və həyat yoldaşı, iş adamı Engin Polatın var-dövləti müsadirə edilib.
1news.az “Hürriyet”ə istinadən xəbər verir ki, cütlüyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub.
Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilib.
Qeyd edək ki, cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.
Dilan Polat tez-tez lüks həyat tərzi və həyat yoldaşının bahalı hədiyyələri ilə gündəmə gəlir. Bir müddət əvvəl D. Polat iş ortağı olan əri Engin Polatla birlikdə dostlarının, eyni zamanda işçisinin toyuna zibil torbası ilə dolu pulla qatılmışdı. Həmin məclisdən bir neçə gün öncə isə həyat yoldaşının ad günü üçün hazırlatdığı 60 min TL-lik (4320 AZN) tortla da gündəmə gəlmişdi.
Onun sonuncu dəfə qatıldığı “Müge ve Gülşenle 2.Sayfa” proqramında qızıl tozu qatdığı qəhvəni içməsi, eləcə də bəzən hər hansı ticarət mərkəzində gün ərzində 750 min TL xərcləməsini və hər ay 1 milyon TL-lik yardım etməsini açıqlaması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub, bunun ardınca Maliyyə Cinayətlərini İstintaq Şurası (MASAK) hərəkətə keçib. Qurumun hesabatında ikiliyə məxsus şirkətlər arasında şübhəli münasibətlərin olması və mövcud olmayan şirkətlərə hesab-fakturalar verməklə vergi bazasını azaltmağa çalışmaqları qeyd olunub.