Azərbaycan və Macarıstan rəqabət sahəsində Anlaşma Memorandumu imzalayıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb.
1news.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, qurumun nümayəndə heyətinin Macarıstana səfəri çərçivəsində Macarıstan Rəqabət Qurumu ilə ikitərəfli görüş keçirilib. Görüş zamanı qurumlar arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə edilib. Rəqabətin inkişafı sahəsində ən yaxşı təcrübələrin öyrənilməsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Dövlət Xidmətinin fəaliyyət istiqamətləri, bu ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsi və Məcəlləyə əsasən rəqabət orqanının tənzimləmə siyasəti və nəzarət alətlərindən bəhs edilib.
Sonda tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Macarıstan Rəqabət Qurumunun rəhbəri Ksaba Balaş Riqo imzalayıblar. Memoranduma əsasən, tərəflər rəqabətin təşviqi və strategiyaların hazırlanması, müvafiq sahədə qanunvericilik və rəqabət siyasətinin inkişafı, o cümlədən qanun pozuntularının təhlili istiqamətində təcrübə mübadiləsi həyata keçirəcəklər.