Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba: A Cultural Alphabet” kitabının təqdimat mərasimi keçirilib
20 iyun 2024-cü il tarixində Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatı baş tutub.
1news.az xəbər verir ki, tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, o cümlədən mədəniyyət və dəb sahələrinin nümayəndələri, dizaynerlər, influenserlər, kitab mağazalarının sahibləri, digər səfirliklərin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
“Əlifba: A Cultural Alphabet” kitabı rəngarəng illüstrasiyalardan ibarət olan, həm böyüklər həm də uşaqlar üçün nəzərdə tutulmuş Azərbaycan əlifbasıdır. Azərbaycan əlifbasının hər bir hərfi ölkəmizdə yerləşən memarlıq abidələri, sənət əsərləri, ölkəmizin tarixi ənənələri və folkloru ilə bağlıdır. Hər bir hərfə aid mətn geniş araşdırmalar əsasında yazılıb.
Layihənin ideya müəllifi NARGIS jurnalının baş redaktoru və bir çox unikal yaradıcılıq layihələrinin müəllifi olan Ülviyyə Mahmuddur. Onun əsas məqsədi Azərbaycan mədəniyyətini dünyada göz önünə gətirməkdir. Kitab alman, ingilis, ispan və italyan dillərində təqdim olunub. Kitabın əsas məqsədi Azərbaycanın tarixini, mədəni irsini və Azərbaycan dilini təbliğ etməkdir.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev və “NARGIS” jurnalının baş redaktoru Ülviyyə Mahmud qonaqları salamlayaraq “History in Letters” filmini izləməyə dəvət ediblər. Bu sənədli animasiya dramı tamaşaçıları əlifba prizmasından Azərbaycan mədəniyyəti və tarixi ilə tanış edir. Bu, sadəcə bir sənədli animasiya filmi deyil, həm də tamaşaçını həqiqətin kəşfinə və sənətə olan sevginin gücünə sövq edən fəlsəfi axtarışdır.
Filmin rejissoru Meran İsmayılsoy, ssenari müəllifi Ağamehdi Abidov, animatoru isə Kənan Şeyxzamanlıdır. Animasiya filminin sponsoru BP şirkətidir.
Layihənin unikallığı onun tam olaraq azərbaycanlılar tərəfindən yaradılmasındadır. Qonaqlar Azərbaycanın Xalq artisti, xanəndə Alim Qasımovun və Azərbaycanın Əməkdar artisti, pianoçu İsfar Sarabskinin ifasında musiqili proqramın müşayiəti ilə Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar. Musiqili proqram muğamın və elektron ritmlərin sintezi əsasında yaradılan unikal kompozisiya şəklində təqdim olunub. Bundan əlavə, tədbir iştirakçıları gənc və istedadlı musiqiçi Elrein-in ifasından zövq alıblar.
Heykəltəraş Teymur Qəribov kitab üçün kristal formasında xüsusi altlıq hazırlayıb, illüstrasiyalar isə rəssam Orxan Hüseynova məxsusdur.
Tədbirdən sonra hər bir qonağa kitab, həmçinin xanəndə Alim Qasımovun və pianoçu İsfar Sarabskinin bəstəsindən ibarət xüsusi olaraq yazılmış musiqi albomu, NARGIS jurnalının iyun buraxılışı, poster, açıqcalar və xəritə hədiyyə olunub.
Kitabı tezliklə şəhərin bütün kitab mağazalarından əldə etmək mümkün olacaq.
“Əlifba: A Cultural Alphabet” layihəsi 2019-cu ildə ilk dəfə İstanbulda keçirilən təqdimat ilə başlamışdır. Kitabın birinci buraxılışı Azərbaycan, türk, ingilis və rus dillərində təqdim olunmuşdur.