İsrail Parlamenti mübahisəli qanunu qəbul etdi | 1news.az | Xəbərlər
Dünya

İsrail Parlamenti mübahisəli qanunu qəbul etdi

Qafar Ağayev12:47 - 27 / 03 / 2025
İsrail Parlamenti mübahisəli qanunu qəbul etdi

İsrail Parlamenti (Knesset) ölkədə məhkəmə təyinatları üzərində siyasi nəzarəti artıran qanun layihəsini qəbul edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, mübahisəli qanun layihəsi, yuxarı instansiya məhkəmələrinə hakim seçən komitənin tərkibini dəyişdirməyə yönəlib. Məsələ ilə bağlı keçirilən parlament iclası müxalifətin etirazları səbəbindən gecə saatlarına qədər davam edib. Nəticədə, Knesset üzvlərinin üçüncü və son oxunuşda keçirdiyi səsvermədə 67 deputat qanun layihəsinin lehinə, 1 deputat isə əleyhinə səs verib. Müxalifət partiyalarının deputatları qanun layihəsinə etiraz əlaməti olaraq səsvermə zamanı iclas zalını tərk ediblər.

Yeni qanuna əsasən, bütün məhkəmə təyinatlarını həyata keçirən 9 nəfərlik Məhkəmə Təyinat Komitəsində mühüm dəyişikliklər ediləcək. Belə ki, İsrail Vəkillər Kollegiyasını təmsil edən 2 üzv vəzifəsindən uzaqlaşdırılacaq və onların yerinə biri birbaşa koalisiya hökuməti, digəri isə müxalifət tərəfindən seçilən iki vəkil təyin ediləcək.

Bu qanun İsraildə məhkəmə sisteminə siyasi müdaxiləni artıracağı ilə bağlı ciddi narahatlıqlara səbəb olub. Müxalifət və vətəndaş cəmiyyəti təmsilçiləri hökumətin bu addımını məhkəmələrin müstəqilliyinə qarşı hücum kimi qiymətləndirir.

Paylaş:
208

Son xəbərlər

Bütün xəbərlər