Şöbə müdiri: Bu il müxtəlif səbəblərə görə 41 bağça müdiri vəzifəsindən azad edilib

150 bağçada keyfiyyət sistemi qurulub, 100 bağçada monitorinqlər davam etdiriləcək
1news.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova bağçalarla bağlı təşkil olunan brifinqdə çıxışı zamanı deyib.
O, bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəbəqədər təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlanıb. Həmin sənədə əsasən, ötən dövr ərzində 150 bağçada daxili keyfiyyət sisteminin qurulması istiqamətində monitorinqlər həyata keçirilib.
Məlumata görə, cari ildə əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır.
Agentlik və yerli təhsili idarəetmə orqanları tərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibati işlər yoxlanılır. Nəticədə, 2025-ci ilin yanvar ayından etibarən müxtəlif səbəblərə görə 41 bağça müdiri vəzifəsindən azad edilib, 100-dən çox müdir barəsində inzibati tədbirlər görülüb.