Agentlik rəsmisindən övladını məktəbə gec göndərən valideynlərə MÜRACİƏT

"Uşaqların məktəbə gec göndərilməsi ciddi fəsadlara yol açır".
1news.az xəbər verir ki, bu fikri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli keçirilən brifinqdə səsləndirib.
O bildirib ki, ölkə qanunvericiliyinə əsasən ibtidai təhsil 6 yaşdan başlayır və uşağın məktəbə gec göndərilməsi təhsil hüququnun gec reallaşmasına səbəb olur.
“8 yaşı tamam olmuş uşaqlar artıq ümumi siniflərdə deyil, fərdi təhsil formasında təhsilə cəlb olunur. Bu isə onların sosiallaşma imkanlarını və məktəb mühitindən faydalanmaq şansını azaldır. Fərdi təhsil yalnız ibtidai və ümumi orta təhsil səviyyələrində, həftədə 4 gün olmaqla təşkil olunur. İbtidai təhsildə 9–15 yaşlı uşaqlar bu formaya cəlb edilə bilər. Uşaqların vaxtında məktəbə başlaması intellektual, sosial və emosional inkişaf baxımından olduqca vacibdir,” – deyə o qeyd edib.