“Slovakiya-Azərbaycan əməkdaşlığı Avropanı Cənubi Qafqaza birləşdirməyə dəstək olur” - Deputatdan ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Slovakiya-Azərbaycan əməkdaşlığı Avropanı Cənubi Qafqaza birləşdirməyə dəstək olur” - Deputatdan ŞƏRH

Ayşən Salehli15:55 - Bu gün
“Slovakiya-Azərbaycan əməkdaşlığı Avropanı Cənubi Qafqaza birləşdirməyə dəstək olur” - Deputatdan ŞƏRH

“Dövlət başçısının Slovakiyaya səfəri energetika, qaz ixracı, “yaşıl enerji”, müdafiə sənayesi, turizm və birgə investisiya layihələrinin həyata keçirilməsi kimi sahələrdə bizim üçün yeni və geniş imkanlar açır.”

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

“Cənab Prezidentin Slovakiyadakı gündəliyi olduqca zəngindir. Səfər çərçivəsində energetika sahəsində əməkdaşlıq, Azərbaycanın Slovakiyaya qaz ixracı və bu ixracın genişləndirilməsi müzakirə olunur. Eyni zamanda qeyri-ənənəvi, yəni “yaşıl energetika”nın inkişafı da gündəmdədir. Bilirsiniz ki, Azərbaycanda günəş və külək enerjisi istehsalına başlanılıb və artıq bu sahədə real nəticələr var. Bu enerjinin bir hissəsi Qara dənizdən keçən sualtı elektrik kabeli vasitəsilə Avropaya ötürüləcək. Slovakiya isə bu “yaşıl enerji”ni qəbul edən ölkələrdən biri olacaq. Azərbaycan və Slovakiya arasında, əməkdaşlıq ənənəvi olmayan sahələri də əhatə etməyə başlayır. Eyni zamanda Slovakiya Azərbaycanın investisiya imkanlarına və turizmin inkişafına böyük maraq göstərir”.

Deputat qeyd edib ki, hərbi və müdafiə sənayesində böyük planlar, layihələr var.

“Slovakiyanın həm Avropa İttifaqının, həm də NATO-nun üzvü olmasını nəzərə alsaq, hərbi sənayedə yüksək texnologiyaların tətbiqi və müasir texnologiyaların istifadəsi təcrübələri çoxdur. Birbaşa uçuşlar, turizmin inkişafı, təhsil və elm sahəsində, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və s. əlaqələrin daha yaxşı inkişafına səbəb ola bilər. Bu xüsusilə Qarabağ zonasına aiddir. Qarabağda artıq Slovakiya şirkətləri bərpa işlərinə cəlb olunublar. Bütün bunlar əməkdaşlıq üçün geniş perspektivlər açır və Avropa məkanında Azərbaycanın etibarlı dostu yaranır. Avropa da Azərbaycan vasitəsilə Orta Asiyaya, Çinə nəqliyyat dəhlizlərini istifadə edərək çıxış əldə edir. Xüsusilə “yaşıl dəhliz”lər, “energetik dəhliz”ləri və “transport dəhliz”lərindən söhbət gedir. Burada Azərbaycan bağlayıcı rol oynayır və etibarlı partnyor olaraq Orta dəhlizi inkişaf etdirir. Onu da qeyd edim ki, geosiyasi çətin dövrdə Slovakiya-Azərbaycan əməkdaşlığı eyni zamanda Avropanı Cənubi Qafqaza birləşdirməyə dəstək olur”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfərə gedib. Səfər çərçivəsində hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Dekabrın 9-da isə Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər