Filippinlərdə güclü zəlzələ baş verdi - Sunami xəbərdarlığı edildi
Filippinlərdə 7,8 bal gücündə zəlzələ baş verib, sunami xəbərdarlığı edilib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Filippinlərin cənubundakı Mindanao bölgəsində 7,8 bal gücündə zəlzələ qeydə alınıb. Güclü yeraltı təkanlardan sonra bölgə və ətraf ölkələr üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
ABŞ Geoloji Xidməti (USGS) tərəfindən yayılan məlumata görə, zəlzələnin episentri Saranqani əyalətinin Soksksargen bölgəsində yerləşən Kablalan rayonundan təxminən 26 kilometr cənub-qərbdə yerləşib.
Məlumata əsasən, zəlzələ yerin 55,2 kilometr dərinliyində baş verib.
Əsas zəlzələdən sonra 4,8–6,5 bal arasında dəyişən ən azı altı afterşok qeydə alınıb. Səlahiyyətli qurumlar sunami riskinə qarşı əhalini diqqətli olmağa çağırıb.
Qeyd edək ki, Filippinlər seysmik və vulkanik fəallığın yüksək olduğu, "Sakit Okean Alov Halqası" adlanan zonada yerləşir. Bu səbəbdən ölkədə güclü zəlzələlər tez-tez baş verir.












