Taylandda 11 yaşlı uşaq sürdüyü yük maşını ilə 8 nəfəri öldürdü
Tailandın şimal-şərqində yerləşən Mukdahan vilayətində 11 yaşlı uşağın idarə etdiyi yük maşınının piyada hərəkət edən buddist zəvvarlara çırpılması nəticəsində 8 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.
1news.az xarici mətbuata istinadən xəbər verir kİ, Mukdahan vilayətinin qubernatoru Vorrayan Bunnarat bildirib ki, hadisə 35 nəfərlik buddist zəvvar qrupunun ziyarətə getdiyi zaman baş verib.
Onun sözlərinə görə, zəvvarların üzərinə hərəkət edən yük maşınını 11 yaşlı uşaq idarə edib.
Qəza nəticəsində 5 nəfər hadisə yerində, daha 3 nəfər isə xəstəxanada dünyasını dəyişib. Yaralanan 14 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Yerli polis 11 yaşlı uşağın nəzarətə götürüldüyünü və hadisə ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.












