Rezidenturanı başa vuran gənc həkimlər TƏBİB-in həkim heyətinə qoşulurlar
TƏBİB-in İcraçı direktoru Anar Bayramov TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyətə başlayan həkim-rezidentlərlə görüş keçirib.
1news.az xəbər verir ki, görüşdə TƏBİB-in tabeli tibb müəssisələrində əmək fəaliyyətinə başlayan həkimlər iştirak ediblər. Rezidenturanı uğurla başa vuran mütəxəssislər Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası və digər ixtisaslaşmış tibb müəssisələri ilə yanaşı, regionlarda fəaliyyət göstərən xəstəxanalara da təyin olunublar.
Rezidenturanı uğurla başa vuran həkimlər şəffaf və obyektiv seçim prosesi nəticəsində TƏBİB-in tabeli tibb müəssisələrində peşə fəaliyyətinə başlayırlar. Bu yanaşma səhiyyə sisteminin peşəkar kadrlarla gücləndirilməsinə, tibb müəssisələrinin insan resurslarının inkişafına və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verir.
İcraçı direktor vurğulayıb ki, tibb müəssisələrinin peşəkar həkim kadrları ilə gücləndirilməsi TƏBİB-in əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə üzrə tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasına xidmət edir.












