Peşə təhsilində YENİLİK: Məzunlar diplomla yanaşı beynəlxalq sertifikat da alacaqlar
“İlk dəfə keçən ildən başlayaraq tətbiq etdiyimiz beynəlxalq sertifikat proqramlarında da yeniliyimiz var”.
1news.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı brifinqdə çıxışı zamanı bildirib.
“Bu il biz sənaye tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində 3 peşə təhsili müəssisəmizdə 7 sertifikat proqramı təqdim edirik.
Bu proqramlara kiber təhlükəsizlik üzrə "Pearson IT Specialist", "AutoCAD" üzrə "Autodesk Certified User", qaynaq sahəsində müvafiq sertifikat və həmçinin mühasibat uçotu üzrə "ACCA" modulları daxildir.
Bu proqramların əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramları bitirən bizim peşə məzunlarımız peşə diplomu ilə bərabər həm də əmək bazarında tanınan beynəlxalq və sahəvi sertifikatları əldə etmiş olacaqlar. Beləliklə, məzunlarımız həm ölkə daxilində, həm də beynəlxalq miqyasda əmək bazarında rəqabətli kadr kimi çıxış edə biləcəklər”.












