Bu kənddə hamı anadangəlmə görmə məhdudiyyətlidir: Yalnız səs və qoxu ilə istiqamət tapırlar
Perunun Korequa kəndində insanların anadangəlmə görmə məhdudiyyətli olduğu bildirilir.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, sivilizasiyadan təcrid olunmuş bu yaşayış məntəqəsinin sakinləri ətraflarını yalnız səs və qoxu vasitəsilə müəyyənləşdirərək gündəlik həyatlarını davam etdirirlər.
Məlumata görə, kənddə dünyaya gələn hər bir uşaq nadir genetik mutasiya səbəbindən anadangəlmə görmə məhdudiyyətli olur. Uzun illər davam edən bu vəziyyət kənd sakinləri üçün artıq qeyri-adi hal deyil və onlar həyatlarını görmə duyğusundan istifadə etmədən qurublar.
İşıq və rənglərin demək olar ki, rol oynamadığı bu yaşayış məntəqəsində gündəlik həyat əsasən səs və qoxu vasitəsilə istiqamət müəyyənləşdirmək üzərində qurulub.
Sıx meşələrin yaratdığı çətin şəraitdə görmədən yaşamaq ilk baxışdan mümkünsüz görünsə də, Korequa sakinlərinin ətraf mühitə yüksək səviyyədə uyğunlaşdığı bildirilir.
Kənd sakinləri ağacların və müxtəlif bitkilərin qoxusundan istifadə edərək istiqamətlərini müəyyənləşdirə bilirlər. Eyni zamanda, küləyin yarpaqlara toxunarkən yaratdığı səslərdən hava şəraitində baş verən dəyişiklikləri, hətta bəzi vəhşi heyvanların yaxınlaşmasını əvvəlcədən hiss etdikləri qeyd olunur.
Kənddə gündəlik həyat da xüsusi səs siqnalları, evlərin yerləşməsi və addımların ritmi vasitəsilə nizamlanır. Bu üsullar sakinlərə bir-biri ilə əlaqə saxlamağa və yaşayış məntəqəsində sərbəst hərəkət etməyə imkan verir.












