7 ayda işçilərə 456 min manatdan çox gecikdirilmiş ödəniş verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyul aylarında işəgötürənlərin işçilərə sosial xarakterli ödənişləri gecikdirməsi ilə bağlı hallar müəyyən edilib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində ümumilikdə 456 049 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.
Görülən tədbirlər nəticəsində həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib.
Ödənilən vəsaitin 91 faizi əməkhaqqı, 9 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.
Bundan başqa, müraciətlərin araşdırılması zamanı 63 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin olunub.












