Bakıda “Kempinski Bayil Bay” kompleksində yanğın baş verib - VİDEO
Bakıda “Kempinski Bayil Bay” kompleksinin binasında yanğın baş verib.
1news.az hadisə şahidlərinə istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğın binanın yuxarı mərtəbəsindən söndürülməmiş siqaret kötüyünün atılmasından sonra baş verə bilər. Ehtimal olunur ki, siqaret binanın aşağı hissəsində yerləşən konstruksiya elementlərinin üzərinə düşüb və bu, alovun yayılmasına səbəb olub.
Hadisə yerinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xilasedicilər və yanğınsöndürənlər alovun söndürülməsi və ərazidə təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirirlər.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması, eləcə də dəymiş ziyanın məbləği barədə hələlik məlumat daxil olmayıb.
Faktla bağlı araşdırma aparılır.














