Həsən Əliyev–“Koroğlu” yolunda fasilənin səbəbi nədir? – Anar Nəcəflidən AÇIQLAMA | 1news.az | Xəbərlər
Mövqe

Həsən Əliyev–“Koroğlu” yolunda fasilənin səbəbi nədir? – Anar Nəcəflidən AÇIQLAMA

Qafar Ağayev10:47 - Bu gün
Həsən Əliyev–“Koroğlu” yolunda fasilənin səbəbi nədir? – Anar Nəcəflidən AÇIQLAMA

Bakı şəhərində nəqliyyat axınının yaxşılaşdırılması məqsədilə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə iki ildən artıqdır başlanılıb.

Yolun müəyyən hissələrində müxtəlif işlər görülsə də, son dövrlərdə tikinti işlərinin dayandığı müşahidə olunur. Bu isə ərazidə hərəkət edən sürücülər və sakinlər üçün müəyyən çətinliklər yaradır.

Bəs görəsən, Həsən Əliyev küçəsindən "Koroğlu" metro stansiyası istiqamətində çəkilən yeni avtomobil yolunda işlər hazırda hansı mərhələdədir? Tikinti işlərinin dayandırılmasının və ya ləngiməsinin əsas səbəbi nədir? İşlərin nə vaxt bərpa olunması və yolun nə zaman tam şəkildə istifadəyə verilməsi nəzərdə tutulur?

Məsələ ilə bağlı 1news.az-ın suallarına cavab verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, Koroğlu–Həsən Əliyev istiqamətində həyata keçirilən işlər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər Dövlət Proqramı" çərçivəsində icra olunan iri yol infrastrukturu layihəsinin tərkib hissəsidir.

"Layihə çərçivəsində uzunluğu təxminən 4 kilometr olan yeni avtomobil yolunun, həmçinin 4 tunelin və 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub. İşlər təsdiq edilmiş layihə və tikinti qrafikinə uyğun mərhələli şəkildə həyata keçirilir".

Anar Nəcəfli

O, bildirib ki, hazırda ictimaiyyətin diqqətini çəkən ərazidə texniki fasilə verilib.

"Bu, layihənin dayandırılması və ya icrasında hər hansı gecikmənin olması anlamına gəlmir. Belə iri infrastruktur layihələrində tikinti prosesinin ayrı-ayrı sahələr üzrə mərhələli təşkili, texnoloji ardıcıllığın qorunması, mühəndis-kommunikasiya xətlərinin köçürülməsi və digər texniki zərurətlər səbəbindən müəyyən hissələrdə müvəqqəti fasilələrin yaranması normal təcrübədir.

Layihənin digər hissələrində tikinti-quraşdırma işləri qrafikə uyğun şəkildə davam etdirilir və ümumi icra prosesində hər hansı yubanma yoxdur. Yaxın müddətdə qeyd olunan ərazidə də işlərin növbəti mərhələsinə başlanılması nəzərdə tutulur.

Bir daha bildiririk ki, layihə təsdiq olunmuş iş qrafikinə uyğun icra edilir və nəzərdə tutulan müddətlər çərçivəsində davam etdirilir" – deyə Anar Nəcəfli əlavə edib.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə və bəzi saytlarda Anar Nəcəflinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri vəzifədən azad olunması ilə bağlı məlumatlar dərc olunmuşdu. Anar Nəcəfli işdən ayrılması ilə bağlı sualımıza cavab olaraq, "Yollarla bağlı sorğunuz varsa buyurun" deyib. 

Paylaş:
307

Son xəbərlər

Bütün xəbərlər