Tramp İrana qarşı görünməmiş miqyasda iqtisadi müharibə elan edib
ABŞ Prezidenti Donald Tramp İrana qarşı “indiyədək görünməmiş miqyasda” iqtisadi müharibə elan edib.
1news.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
O bildirib ki, İrana ABŞ-la razılaşma əldə etmək üçün özündən başqa heç kimin vermədiyi fürsət təqdim olunub. Lakin İran bu fürsətdən istifadə etməyib.
“Bu səbəbdən bu gün hər hansı ölkəyə qarşı indiyədək tətbiq edilmiş ən ağır iqtisadi əməliyyatı elan edirəm. Bu, görünməmiş miqyasda iqtisadi müharibə və təcrid olacaq”, - deyə Tramp qeyd edib.
ABŞ Prezidenti İran donanmasının məhv edildiyini, hava qüvvələrinin sıradan çıxarıldığını, hərbi zavodlarının dağıntıya çevrildiyini, ölkənin milli valyutasının dəyərsizləşdiyini və İranın son dərəcə ağır vəziyyətdə olduğunu iddia edib.
Tramp həmçinin İranı iqtisadi baxımdan dəstəkləyən ölkələrə qarşı da ciddi tədbirlərin görüləcəyini açıqlayıb.
“Bu gün həmçinin elan edirəm ki, maliyyə qurumlarının, şirkətlərin, hava limanlarının və ya dövlət qurumlarının İrana hər hansı formada yardım göstərməsinə imkan verən istənilən ölkə böyük iqtisadi nəticələrlə üzləşəcək. Neft qaçaqmalçılığı, svop xətləri, nağd pul köçürmələri, valyutadəyişmə məntəqələri, gəmi reyestrləri, paravan şirkətlər – bunların hamısına dərhal son qoyulmalıdır. Kim olduğunuzu bilirsiniz”, - deyə ABŞ Prezidenti bildirib.
Tramp İran təhlükəsini təcrid etmək və ölkəni məğlubiyyətə uğratmaq üçün bütün müttəfiqlərin ABŞ-ın yanında dayanmasının vacib olduğunu vurğulayıb.
O, İranın çıxılmaz vəziyyətdə olduğunu və yeni tədbirlərin Tehranın “dünyada terror yaymaq imkanlarını” iflic edəcəyini iddia edib.
ABŞ-ın strategiyası nəticə verəcəkmi?
ABŞ Prezidenti Donald Trampın İranla bağlı hərbi seçimlərinin məhdud olduğu və bu səbəbdən iqtisadi təzyiqin artırılması strategiyasına üstünlük verdiyi bildirilir.
“The New York Times” qəzetində yayımlanan təhlildə İranın ABŞ-ın yeni iqtisadi təzyiq kampaniyasına nə qədər davam gətirə biləcəyi araşdırılıb.
Təhlildə Çin kimi İrandan neft alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiq oluna biləcəyi, eləcə də maliyyə əməliyyatları ilə bağlı əlavə məhdudiyyətlərin gündəmə gətirilə biləcəyi qeyd olunub.
1979-cu ildən ABŞ sanksiyaları altındadır
Qəzet ABŞ-ın yeni tədbirlərinin nə dərəcədə effektiv olacağı ilə bağlı şübhələrin olduğunu yazıb.
İranın 1979-cu ildən ABŞ sanksiyaları altında olduğu xatırladılıb və ölkə iqtisadiyyatının uzun illərdir Vaşinqtonun təzyiqləri şəraitində formalaşdığı vurğulanıb.
İranın ABŞ sanksiyalarından yayınmaq üçün Çin və Rusiyaya güzəştli qiymətlərlə neft satmağa çalışdığı qeyd edilib.
Çinin İrandan aldığı nefti ABŞ sanksiyalarının təsir dairəsinə düşməyən kiçik neft emalı zavodlarında emal etdiyi bildirilib.
Həmçinin İranın neft ixracını davam etdirmək üçün qaçaqmalçılıq şəbəkələrini genişləndirdiyi və “kölgə donanması” yaratdığı vurğulanıb.
İranın nefti müxtəlif mallarla barter etməklə sənaye sektorunu inkişaf etdirdiyi, idxal və dollar istifadəsindən isə böyük ölçüdə imtina etdiyi qeyd olunub.
Bundan başqa, müharibə və ABŞ-ın blokadasından sonra İranın neftinin bir hissəsini avtomobil və dəmir yolu vasitəsilə nəql etdiyi bildirilib.
“İran atəşkəs dövründən faydalandı”
İranın iyunun 17-də ABŞ ilə anlaşma memorandumu imzalandıqdan sonra yaranan sakitlik dövründən də istifadə etdiyi qeyd olunub.
Bildirilib ki, İran blokadadan əvvəl Hörmüz boğazından kənarda ixrac üçün hazır vəziyyətdə saxladığı neft ehtiyatlarına malik olub.
Anlaşma memorandumunun imzalanmasından sonra İranın 80 milyon barel neft ixrac etdiyi və bununla da neft anbarlarında yaranan təzyiqi azaltdığı vurğulanıb.
Həmçinin yüksələn neft qiymətləri hesabına İranın bu il neft satışlarından gözləniləndən daha çox gəlir əldə etdiyi bildirilib.
Bu məlumatlar fonunda ABŞ-ın gözləntilərinin əksinə olaraq, İranın iqtisadiyyatının çökməsi səbəbindən təslim olmasının çətin olduğu qeyd edilib.
İran üzrə ekspert Vəli Nəsrin sözlərinə görə, İran qarşısında tam təslim olmaqla mübarizəni sona qədər davam etdirmək arasında seçim var.
“Onlar hesab edirlər ki, daha yaxşı razılaşma əldə etməyin yeganə yolu mövcud bədəlləri gözə alaraq qlobal iqtisadiyyatı və Trampı küncə sıxışdırmaqdır”, - deyə Nəsr bildirib.
60 günlük müddət başa çatıb
İranla ABŞ arasında müharibəyə son qoymaq məqsədilə iyunun 17-də imzalanan anlaşma memorandumu tərəflərə yekun sülh razılaşmasına nail olmaq üçün 60 gün müddət verib.
Sənəd İranın nüvə proqramı və ABŞ sanksiyalarını əhatə edən daha genişmiqyaslı razılaşma üzrə danışıqlar prosesini nəzərdə tuturdu.
Lakin qlobal neft və mayeləşdirilmiş təbii qaz ticarəti baxımından strateji əhəmiyyət daşıyan Hörmüz boğazına nəzarətlə bağlı fikir ayrılıqları səbəbindən razılaşma prosesi dalana dirənib.
60 günlük müddətin başa çatmasından sonra ABŞ müvəqqəti atəşkəs razılaşmasının uzadılmayacağını açıqlayıb.












