Bakıda Belçikanın müstəmləkəçilik irsinə həsr olunan beynəlxalq konfrans keçirilir
Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizliyi və reparasiyalar uğrunda 101 illik mübarizə” mövzusunda beynəlxalq konfransın açılışı keçirilib.
1news.az xəbər verir ki, tədbirdə Belçikanın keçmiş müstəmləkələri olan Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi, həmçinin Mərakeş və Cənubi Afrika Respublikasının rəsmi şəxsləri, eləcə də BMT nümayəndələri iştirak edirlər.
Konfrans iştirakçıları Belçikanın müstəmləkəçilik siyasətinin nəticələrini, tarixi ədalətin bərpası məsələlərini, həmçinin reparasiyaların təqdim olunmasının mümkün forma və mexanizmlərini müzakirə edəcəklər.
Açılış zamanı qeyd olunub ki, heç bir kompensasiya və ya reparasiya Belçikanın Konqo, Ruanda və Burundidə həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində həyatını itirən insanların həyatını geri qaytara bilməz. Bununla yanaşı, vurğulanıb ki, reparasiyalar yalnız keçmişdə yaşanan əzablara görə maliyyə ödənişləri ilə məhdudlaşmamalıdır.
Konfransın əsas nəticələrindən biri müstəmləkəçilik reparasiyalarının əldə olunmasına dair yekun “yol xəritəsi” layihəsinin hazırlanması ola bilər.
Tədbirin avqustun 21-də keçirilməsi də simvolik məna daşıyır. Belə ki, 1925-ci il avqustun 21-də Belçika parlamenti Ruanda-Urundinin Belçikanın Konqo müstəmləkəsi ilə inzibati birləşdirilməsinə dair qanun qəbul edib. Təxminən bir əsr sonra bu müstəmləkəçilik irsinin nəticələri yenidən beynəlxalq müzakirələrin mövzusuna çevrilib.











