Qabon nümayəndəsi: Müstəmləkəçilik ölkənin mədəni irsinin bir hissəsinin itirilməsinə səbəb olub
Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizliyi və reparasiyalar uğrunda 101 illik mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində müstəmləkə istismarının nəticələri və tarixi ədalətin bərpası məsələləri müzakirə olunub.
1news.az xəbər verir ki, Qabonun UNESCO üzrə Milli Komissiyasının nümayəndəsi Ester Hill Belçikanın müstəmləkəçilik sisteminin Qabonda yaratdığı nəticələrdən danışaraq, onun təsirinin siyasi, iqtisadi və sosial sahələrdə bu gün də hiss olunduğunu vurğulayıb.
Onun sözlərinə görə, müstəmləkəçilik sistemi Qabon cəmiyyətinin siyasi, iqtisadi və sosial strukturunun parçalanmasına gətirib çıxarıb. Ənənəvi institutlar zəiflədilib, yerli əhali isə öz ölkəsinin idarə olunması proseslərindən faktiki olaraq kənarlaşdırılıb. Bundan əlavə, Qabonun təbii ehtiyatlarından sistemli şəkildə metropoliyanın maraqları naminə istifadə olunub ki, bu da nəticələri bu günədək hiss edilən iqtisadi asılılığın formalaşmasına səbəb olub.
Qabon nümayəndəsi mədəni irslə bağlı problemə də xüsusi diqqət çəkib. O bildirib ki, mədəni sərvətlərin mənimsənilməsi ölkənin tarixi irsinin bir hissəsinin itirilməsinə səbəb olub və belə obyektlərin mənşə ölkəsinə qaytarılması zəruridir. Onun sözlərinə görə, Qabon bu istiqamətdə artıq müvafiq addımlar atır, o cümlədən hüquqi təşəbbüslər və elmi araşdırmalar həyata keçirir, həmçinin mədəni irsin Belçikadan geri qaytarılmasına çalışır.
Hill tarixi yaddaşın qorunmasında beynəlxalq hüququn, təhsilin və UNESCO-nun fəaliyyətinin əhəmiyyətini də vurğulayıb. Onun fikrincə, müstəmləkəçilik keçmişi ilə bağlı biliklər gənc nəsil üçün əlçatan olmalı və təhsil proqramlarına daxil edilməlidir.
O, tarixi ədalətin bərpası prosesində gənclərin iştirakına xüsusi diqqət yetirib. Hillin sözlərinə görə, gənc nəsil tarixi yaddaşın qorunması sahəsində dövlət siyasətinin hazırlanmasında, eləcə də milli və beynəlxalq səviyyədə hüquqi, diplomatik və mədəni təşəbbüslərdə fəal iştirak etməlidir.
Qabon nümayəndəsi qeyd edib ki, tarixi ədalətin bərpası yalnız keçmişdə baş verənlərin tanınmasını deyil, həm də təhsil, mədəni irsin qorunması və reparasiyalar sahəsində konkret yanaşmaların hazırlanmasını əhatə etməlidir.










