Tramp: İran nüvə silahına sahib olmayacaq
ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi təzyiqlərin nəticə verdiyini bildirərək, Tehranın nüvə silahına sahib olmayacağını deyib.
1news.az xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə ilə bağlı açıqlamalar verib.
İranın ABŞ və İsrailin hücumlarına Körfəz ölkələrinə zərbələr endirməklə cavab verməsinə “özü də daxil olmaqla hər kəsin təəccübləndiyini” deyən Tramp “İran nüvə silahına sahib olmayacaq” ifadəsini bir daha təkrarlayıb.
Tramp Tehran tərəfindən Körfəz regionundakı ölkələrə hücumların İranın nüvə silahına malik olması halında ondan da istifadə edə biləcəyinə işarə etdiyini bildirib.
ABŞ Prezidenti iddia edib ki, belə bir silahın istifadəsi Yaxın Şərqi və İsraili məhv edə, daha sonra isə Avropa və ABŞ-ı hədəfə çevirə bilər.
“ABŞ Prezidenti mən olmasaydım, İsrail mövcud olmazdı. Yəqin ki, Yaxın Şərq də olmazdı”, – Tramp deyib.
ABŞ-ın dəniz blokadasının və İrana qarşı tətbiq olunan iqtisadi təzyiqlərin nəticə verdiyini bildirən Tramp İranın “çöküş vəziyyətində olan ölkə” olduğunu da yenidən vurğulayıb.












