Azərbaycan Şərqlə Qərbin kəsişməsində: Bakı ŞƏT məkanında nə qazanır? – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Şərqlə Qərbin kəsişməsində: Bakı ŞƏT məkanında nə qazanır? – TƏHLİL

Qafar Ağayev17:03 - Bu gün
Azərbaycan Şərqlə Qərbin kəsişməsində: Bakı ŞƏT məkanında nə qazanır? – TƏHLİL

Bugünkü dünyada bir dövlətin gücü yalnız ordusu və iqtisadi imkanları ilə ölçülmür.

Ölkənin yerləşdiyi coğrafi mövqe də onun beynəlxalq əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. Xüsusilə Şərqlə Qərbin kəsişməsində yerləşən ölkələr üçün bu amil daha böyük əhəmiyyət daşıyır.

Azərbaycan da tarixən belə bir coğrafiyada yerləşib. Xəzərin qərb sahilində, Cənubi Qafqazda yerləşən ölkəmiz bu gün Şərqlə Qərb arasında mühüm əlaqələndirici rol oynayır. Bu mövqedən düzgün istifadə olunması isə təsadüfi deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət Azərbaycanın həm Şərq, həm də Qərb ölkələri ilə münasibətlərini inkişaf etdirməsinə imkan yaradıb.

Bu baxımdan son dövrdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) da Azərbaycanın xarici siyasətində diqqət çəkən istiqamətlərdən biridir. ŞƏT hazırda dünyanın ən böyük regional təşkilatlarından biri hesab olunur. Təşkilatın 10 üzvü var və Çin, Hindistan, Rusiya ilə yanaşı, Mərkəzi Asiyanın mühüm dövlətlərini də özündə birləşdirir. Bu isə böyük iqtisadi və siyasi potensial deməkdir.

Azərbaycanın bu məkandakı əsas üstünlüyü isə onun coğrafi mövqeyidir. Bakı Şərqlə Avropanı birləşdirən mühüm nəqliyyat və enerji marşrutlarının üzərində yerləşir. Bu səbəbdən Azərbaycanın məqsədi böyük bazarın ən böyük oyunçularından birinə çevrilməkdən daha çox, Şərqlə Qərb arasında etibarlı və təhlükəsiz bağlantı yaratmaqdır.

Azərbaycan 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir. Ötən illər ərzində ölkəmiz dəmir yolları, limanlar, enerji layihələri və digər infrastrukturlara investisiya qoyaraq bu istiqamətdə imkanlarını genişləndirib.

Bütün bunlar Azərbaycanın Şərqlə Qərb arasında artan rolunun təsadüfi olmadığını göstərir. İndi əsas məsələ bu imkanlardan nə dərəcədə səmərəli istifadə etmək və Azərbaycanın regional tranzit və iqtisadi mərkəz kimi mövqeyini daha da gücləndirməkdir.

Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin nəticələrini və qarşıdakı perspektivləri daha ətraflı dəyərləndirmək üçün siyasi şərhçi Əziz Əlibəylinin fikirlərinə müraciət etdik.

Əziz Əlibəyli

Siyasi şərhçi Əziz Əlibəyli hesab edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın “orta güc dövləti” kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.

“Azərbaycanın Prezidenti İlham Əliyev son illərdə ölkəni orta gücə çevirdi. Bütövlükdə ‘orta güc’ deyilən anlayış da inkişaf etməyə başlayıb. Hesab etmirəm ki, bunun Azərbaycandan daha gözəl nümunəsini yaratmaq mümkündür. Praktikada orta güc hansı parametrlərlə ölçülməlidir, indiki vəziyyətdə gücün əsas parametri nədir? Məncə, burada Azərbaycanın coğrafi mövqeyinə baxmaq lazımdır”, - deyə siyasi şərhçi bildirib.

Ə.Əlibəyli Azərbaycanın yerləşdiyi coğrafiyanın hazırkı qlobal proseslər fonunda ölkəyə ciddi üstünlüklər qazandırdığını vurğulayıb.

“Azərbaycanın xəritəsinə baxın. Şimalda Rusiya-Ukrayna müharibəsi gedir, cənubda İran, İsrail və ABŞ arasında qarşıdurma davam edir. Hər iki istiqamətdən keçən qlobal kommunikasiyalar faktiki olaraq böhran vəziyyətinə düşüb. Deməli, bu vəziyyətdə dünya ticarəti və iqtisadi əlaqələr də zərbə altındadır. Xüsusilə iqtisadiyyatları həssas olan ölkələr ciddi zərər görürlər.

Amma elə bir coğrafi xətt var ki, Azərbaycanın yerləşdiyi ərazi həmin xəttin üzərindədir. Bu coğrafiya böyük iqtisadi dividendlər vəd edən perspektivlərə malikdir. Başlıcası isə Zəngəzur dəhlizidir. Bu dəhliz böyük perspektiv vəd edir. Çünki mövcud savaş zonalarının heç birinə daxil deyil. Nə şimaldakı, nə də cənubdakı qarşıdurma bu coğrafiyaya aid deyil. Ona görə də qlobal sərmayələrin və yeni iqtisadi yanaşmaların Azərbaycana yönəlməsi üçün ciddi imkanlar yaranır”, - Ə.Əlibəyli deyib.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın bu imkanlardan istifadə etməsində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət mühüm rol oynayır.

“Birinci məsələ budur və bunun indiki vəziyyətdə ən yaxşı icraçısı da cənab İlham Əliyevdir. Azərbaycansız dünyada nə orta güc anlayışını, nə də bu gücün xüsusi parametrlərini təsəvvür etmək mümkündür. Azərbaycanın coğrafiyası, siyasi imkanları və həyata keçirdiyi siyasət bu baxımdan bir-birini tamamlayır”, - deyə o bildirib.

Ə.Əlibəyli Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında tərəfdaşlıq imkanlarının genişlənməsinin də ölkə üçün mühüm nəticələr verəcəyini düşünür.

“Şanxay Əməkdaşlıq Təşkilatına vahid iqtisadi zona kimi baxmaq lazımdır. Burada maliyyələşmə, iqtisadi əlaqələrin konseptuallaşdırılması və koordinasiyası baxımından çox mühüm imkanlar mövcuddur. İlk növbədə böyük bir bazardan danışırıq. Bu, dünyanın maliyyəsinin axdığı, innovasiyaların inkişaf etdiyi böyük bir zonadır.

Şanxay Əməkdaşlıq Təşkilatı xətti ilə bu imkanların Orta Dəhlizdə reallaşmasını görmək ərəfəsindəyik. Yəni söhbət dünyada yenidən qurulan ən son kommunikasiya modellərinin maliyyələşməsinə xidmət edə biləcək bir platformadan gedir. Azərbaycanın bu təşkilat çərçivəsində tərəfdaşlığının inkişafı bizə həm kommunikasiyalar, həm də investisiyalar baxımından mühüm imkanlar vəd edir”, - siyasi şərhçi vurğulayıb.

Onun fikrincə, “ŞƏT+” formatında çoxqütblü dünya nizamının müzakirə olunması da yeni qlobal reallıqların göstəricisidir.

“Çoxqütblü dünya nizamı ideyası dünyanın tək bir güc mərkəzi tərəfindən idarə olunması yanaşmasına ciddi mesajdır. Rusiyanın Ukraynadakı müharibədə qarşılaşdığı çətinliklər, ABŞ-ın mövcud nizamı tam şəkildə öz iradəsinə uyğun formalaşdıra bilməməsi yeni güc anlayışlarını və alternativ baxışları ortaya çıxarır.

Əgər dünyanın bir və ya iki ən güclü ölkəsi proseslərdə uğursuzluqla üzləşirsə, deməli, dünyada təkqütblü sistem yoxdur və çoxqütblülük prosesi gedir. Çin də Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsilə özünün ayrıca güc mərkəzi olduğunu göstərir. Əgər bir güc mərkəzi Qərbdədirsə, digəri Kremldə, digər mühüm güc mərkəzi isə Asiyadadır”.

Siyasi şərhçi Azərbaycanın bu yeni reallıqda müxtəlif güc mərkəzləri ilə münasibətlərini balanslaşdırmasının əhəmiyyətini də vurğulayıb.

“Azərbaycan bütün tərəflərlə "win-win" (qazan-qazan) prinsipi əsasında xarici siyasət xətti qurub. Avropa ilə münasibətləri var. Müəyyən problemlər olsa da, Rusiya ilə əlaqələri mövcuddur. Eyni zamanda, digər mühüm güc mərkəzi olan Çinlə də münasibətlər inkişaf edir. Bu münasibətlər sistemi Azərbaycanın xarici siyasətinin uğurlu olduğunu göstərir”, - deyə o bildirib.

Ə.Əlibəyli Azərbaycanın Asiya və Afrika ölkələri ilə əlaqələrinin genişlənməsinin də yeni imkanlar yaratdığını söyləyib.

“Azərbaycan investisiya qoyulan ölkəyə çevrildikdən sonra onun zəngin tarixi, mədəni irsi və əvvəlki əlaqələri də yeni imkanlar yaradıb. Türk ölkəsi kimi Azərbaycan Afrika və İslam ölkələri ilə yaxşı münasibətlər qurub. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri ilə münasibətlər baxımından böyük imkanlar əldə etdi və həmin ölkələrə mühüm yardımlar göstərdi.

İndi Azərbaycan Türk Dövlətləri Təşkilatı xətti ilə Mərkəzi Asiyada, Çin və Asiyanın şərqində, eləcə də Yaxın Şərqdə müxtəlif istiqamətlərdə əlaqələrini inkişaf etdirir. Bu da Azərbaycanın tarixi, mədəni və iqtisadi imkanlarını real münasibətlərə çevirdiyini göstərir”, - siyasi şərhçi deyib.

O, Azərbaycan-Qırğızıstan münasibətlərinin hazırkı səviyyəsini də yüksək qiymətləndirib.

“Azərbaycan-Qırğızıstan münasibətləri hazırda özünün tarixi maksimumundadır. Bunun arxasında Zəngəzur dəhlizinin bir dəhliz kimi fəaliyyətə başlaması perspektivi, Orta Dəhlizin inkişafı və Türk Dövlətləri Təşkilatının qurulması dayanır. Qırğızıstanla birgə reallaşdırılacaq fundamental məsələlər də ön plandadır.

Azərbaycanın hədəflərindən biri olan Orta Dəhlizin iki istiqamətdən çıxan hissəsinin əsas dayaq ölkələrindən biri Qırğızıstandır. Bu baxımdan Azərbaycan-Qırğızıstan münasibətləri çox mühüm əhəmiyyət daşıyır”, - Ə.Əlibəyli bildirib.

Siyasi şərhçi hesab edir ki, Azərbaycan və Qırğızıstanın əməkdaşlığı Türk Dövlətləri Təşkilatının gələcək inkişafında da mühüm rol oynaya bilər.

“Türk Dövlətləri Təşkilatını növbəti mərhələyə keçirmək lazımdır. Bu, Qırğızıstan və Azərbaycanın iştirakı ilə mümkündür. Qırğızıstansız bu prosesləri yürütmək mümkün deyil. Bu baxımdan qarşıda çox mühüm imkanlar dayanır”, - deyə Ə.Əlibəyli əlavə edib.

Müəllifin son sözü

Bütün bunlar göstərir ki, Azərbaycan ŞƏT məkanı ilə münasibətlərini qurarkən böyük dövlətlərlə miqyas baxımından rəqabət aparmağa çalışmır. Azərbaycanın əsas üstünlüyü onun coğrafi mövqeyidir. Bakı üçün əsas məqsəd Şərqlə Qərb arasında mühüm bağlantı rolunu daha da gücləndirməkdir.

Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi layihələr Azərbaycanın bu istiqamətdəki imkanlarını artıq ortaya qoyub. Çinlə inkişaf edən strateji tərəfdaşlıq, Mərkəzi Asiya ölkələri ilə genişlənən əlaqələr və regionda yaranan yeni əməkdaşlıq imkanları da bu mövqeni daha da gücləndirir.

Nəticə etibarilə, Azərbaycanın ŞƏT məkanı ilə əlaqələrinin inkişafı ölkəmiz üçün həm yeni iqtisadi imkanlar yaradır, həm də Avropa ilə Asiya arasındakı əsas bağlantı nöqtələrindən biri olmaq perspektivini gücləndirir. Azərbaycanın qarşıdakı dövrdə əsas hədəflərindən biri də məhz bu coğrafi üstünlüyünü daha səmərəli şəkildə istifadə etmək olacaq.

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər