“Dağıdılan məscidlər və abidələr təsadüfi itkilər kimi qiymətləndirilə bilməz” - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Dağıdılan məscidlər və abidələr təsadüfi itkilər kimi qiymətləndirilə bilməz” - ŞƏRH

Ayşən Salehli17:07 - Bu gün
“Dağıdılan məscidlər və abidələr təsadüfi itkilər kimi qiymətləndirilə bilməz” - ŞƏRH

“Azərbaycanın işğal altında olmuş ərazilərində dini, mədəni və tarixi irsə qarşı törədilən dağıntılara bu gün yalnız ayrı-ayrı abidələrin məhv edilməsi faktı kimi yanaşmaq mümkün deyil”.

Bunu 1news.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.

O bildirib ki, təxminən 30 il davam edən işğal dövründə baş verənlər eyni zamanda beynəlxalq siyasi, humanitar və hüquqi institutların öz vəzifələrinə nə dərəcədə məsuliyyətlə yanaşdığını da gündəmə gətirir.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, işğalın ilk illərində qəbul edilmiş beynəlxalq qərarların icrasının təmin edilməməsi Ermənistanın uzun müddət real məsuliyyətdən kənarda qalmasına şərait yaradıb. Bu yanaşma isə yalnız işğalın uzanmasına deyil, həmin ərazilərdə Azərbaycanın dini, mədəni və tarixi irsinin sonrakı illərdə də sistemli şəkildə dağıdılmasına imkan verən mühitin formalaşmasına gətirib çıxarıb. Bu baxımdan işğal illəri təkcə ərazilər üzərində fiziki nəzarət əldə edilən münaqişə deyil, bir xalqın tarixi və dini izlərinin məhv edilməsi ilə Azərbaycan tarixinin maddi sübutlarına qarşı yönəlmiş müharibə idi. Ərazilər üzərindəki mübarizə ilə həmin ərazinin tarixi yaddaşının silinməsi və dəyişdirilməsi mübarizəsi aparılırdı. Məhz buna görə, işğal illərində mədəni irsin məqsədli şəkildə məhv edilməsi həm hüquqi, həm siyasi, həm də təhlükəsizlik aspektindən qiymətləndirilməlidir. 30 illik işğal illərində Qarabağın dini, mədəni və tarixi abidələrinin məqsədli şəkildə dağıdılması məsələsinə yalnız mədəni irsin qorunması prizmasından yanaşmaq kifayət etmir.

Məscidlərin, ziyarətgah kimi fəaliyyət göstərmiş dini məbədlərin, tarixi tikililərin, qəbiristanlıqların, qədim yaşayış məskənlərinin, muzeylərin və digər mədəni irs obyektlərinin qəsdən məhv edilməsi hərbi əməliyyatların nəticəsi olmaqdan çıxaraq siyasi məqsəd daşıyıb. Məhv edilmiş məscidlərin sayı onu sübut edir ki, bunlar təsadüfi dağıntılar deyil, məqsədli məhvetmə siyasəti olmuşdur və bu mədəni sərvətlər dini, tarixi və mədəni əhəmiyyətinə görə hədəfə alınmışdır. Burda bir haşiyə açım ki, beynəlxalq humanitar hüquq da təsadüfi dağıntılarla məqsədli məhv edilmə arasındakı fərqi nəzərə alır. 1954-cü il Haaqa Konvensiyası silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına xüsusi hüquqi status verir. Dini və tarixi obyektlərin qorunması beynəlxalq hüquqda yalnız ümumi arzu və ya etik tövsiyə səviyyəsində qalmır. Onların qəsdən hədəfə alınması beynəlxalq cinayət məsuliyyəti məsələsini ortaya çıxarır. Nümunə üçün deyim ki, Beynəlxalq Cinayət Məhkəməsinin “Əl-Məhdi” işi bunun artıq formalaşmış hüquqi presedent olduğunu göstərdi, dini və tarixi abidələrin qəsdən dağıdılması məhkəmə tərəfindən müharibə cinayəti kimi qiymətləndirildi.

Vurğulamaq istəyirəm ki, bu hüquqi çərçivənin siyasi əhəmiyyəti çox böyükdür. Çünki mədəni irs hər hansı ərazinin yalnız estetik və ya turizm potensialını müəyyən edən element deyil. Mədəni irs həmin ərazinin tarixi yaddaşının maddi sübutudur. Bir məscidin, kilsənin, sinaqoqun, türbənin, qəbiristanlığın və ya qədim yaşayış məskəninin mövcudluğu müəyyən icmaların həmin coğrafiyada tarixən mövcudluğunu göstərən faktlardan biridir. Buna görə belə obyektlərin sistemli şəkildə yox edilməsi yalnız mədəni obyektlərin itirilməsi kimi qəbul edilə bilməz. Tarixi izlərin məhv edilməsi, dini məkanların identikliyinin dəyişdirilməsi, abidələrin sökülməsi və ya onların mənşəyinin inkar edilməsi ərazinin keçmişinə dair ictimai təsəvvürə təsir edən yaddaş siyasətidir. Məhz buna görə mədəni irsin məqsədli şəkildə məhv edilməsi məsələsini təhlükəsizlik gündəliyindən kənarda saxlamaq düzgün olmazdı. Çünki belə dağıntıların nəticələri müharibənin bitdiyi gün başa çatmır. Əksinə, onların yaratdığı sosial və siyasi təsirlər sonrakı illərdə də davam edir. Ona görə mədəni irsin qorunmasını yalnız mədəniyyət siyasətinin komponenti kimi görmək məhdud yanaşmadır. Bu məsələ eyni zamanda konfliktlərin qarşısının alınması, erkən xəbərdarlıq, post-münaqişə sabitliyi və uzunmüddətli regional təhlükəsizlik məsələsidir.

Sənədləşdirmə prosesinin həlledici rolunu xüsusi vurğulayan Y. Hacıyeva bildirib ki, burada başqa bir mühüm məqam da var. Mədəni irsin məqsədli şəkildə məhv edilməsi iddiasının özü də yalnız siyasi bəyanat səviyyəsində qalmalı deyil. Belə hallarda sübut bazasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Abidələrin müharibədən əvvəlki vəziyyətinin sənədləşdirilməsi, arxiv materiallarının qorunması, foto və video sübutların toplanması, peyk görüntülərinin müqayisəsi, geolokasiya məlumatlarının saxlanılması və obyektlərin inventarlaşdırılması gələcək hüquqi araşdırmalar üçün ciddi əhəmiyyət daşıyır. Çünki bir neçə ildən sonra əsas sual yalnız “nə dağıdıldı?” olmayacaq. Əsas sual “niyə dağıdıldı?” olacaq. Məhz bu sual hadisənin hüquqi qiymətləndirilməsində həlledici əhəmiyyət daşıya bilər. Əgər obyekt hərbi məqsəd daşımayıbsa və onun məhz dini, tarixi və ya mədəni xarakterinə görə hədəfə alındığı sübut olunursa, bu, sırf hərbi əməliyyatın nəticəsi kimi təqdim edilə bilməz. Burada beynəlxalq humanitar hüququn pozulması və konkret hallardan asılı olaraq cinayət məsuliyyəti məsələsi ortaya çıxır. Bu baxımdan mədəni irsin sənədləşdirilməsi də siyasi və hüquqi mübarizənin bir hissəsinə çevrilir. Çünki sənədləşdirilməyən tarix daha asanlıqla inkar edilə, təhrif edilə və siyasi narrativlərin mübahisə predmetinə çevrilə bilər.

Beynəlxalq ictimaiyyətin mövqeyini dəyərləndirən Y. Hacıyeva fikrinə davam edərək qeyd edib ki, beynəlxalq ictimaiyyətin bu məsələyə münasibətində ən böyük problem də məhz buradadır. 30 ilə yaxın işğal illərində dini və tarixi abidələrin dağıdılması çox vaxt müharibənin ümumi dağıntıları içərisində görünməz hala gəlib. Halbuki hər bir hadisənin xarakteri ayrıca müəyyənləşdirilməlidir. “Müharibə zamanı dağılıb” ifadəsi öz-özlüyündə hüquqi izah deyil. Dağıntının necə baş verdiyi, obyektin hərbi əhəmiyyətinin olub-olmaması, hücumun xarakteri və məsuliyyət daşıyan tərəfin hansı tədbirləri gördüyü araşdırılmalıdır. 30 il ərzində dini və tarixi irsin məhv edilməsi müharibənin adi və qaçılmaz nəticəsi kimi qəbul edilirsə, bu zaman mədəni irsin qorunmasına dair beynəlxalq hüquqi mexanizmlərin praktiki gücü zəifləyir. Daha geniş baxanda isə məsələ insanlığın ümumi mədəni irsi ilə bağlıdır. Heç bir dövlətin və ya siyasi aktorun öz siyasi məqsədlərini həyata keçirmək üçün başqa bir cəmiyyətin tarixi yaddaşını silmək hüququ yoxdur. Münaqişənin tərəflərindən birinin öz tarixini qorumaq istəyi digər tərəfin tarixini məhv etmək hüququ yaratmır. Hansı dinə, hansı xalqa və hansı icmaya aid olmasından asılı olmayaraq, mülki və dini xarakterli tarixi irsin məqsədli şəkildə məhv edilməsi eyni hüquqi və siyasi standartlarla qiymətləndirilməlidir. Əgər insan həyatı beynəlxalq hüquq tərəfindən qorunursa, insanın dini və mədəni kimliyinin maddi ifadəsi olan irs də bu qorumanın mühüm hissəsidir. Əgər biz mədəni irsin məhv edilməsini yalnız “köhnə binaların dağıdılması” kimi qəbul etsək, problemin siyasi və təhlükəsizlik ölçüsünü görməyəcəyik.

Sonda əsas prinsipləri diqqətə çatdıran Mətbuat Şurasının İdarə Heyətinin üzvü bildirib ki, dini, mədəni və tarixi irsin məqsədli şəkildə məhv edilməsi artıq yalnız keçmişə münasibət məsələsi deyil. Bu, cəmiyyətlərin kollektiv yaddaşına, gələcək nəsillərin tarixi bilmək imkanına və post-münaqişə təhlükəsizliyinə birbaşa təsir edən məsələdir. Bu səbəbdən belə hallara münasibətdə üç prinsip xüsusilə vacibdir: dağıntının sənədləşdirilməsi, hüquqi məsuliyyətin müəyyənləşdirilməsi və universal standartların tətbiqi. Çünki abidəni bərpa etmək mümkündür, lakin onun dağıdılmasının siyasi və sosial nəticələrini hər zaman bərpa etmək mümkün olmur. Daha vacibi isə budur ki, məhv edilən tarixi iz bütöv bir cəmiyyətin öz keçmişini sübut etmək imkanının itirilməsi deməkdir. Ona görə də mədəni irsin qorunması müharibə şəraitində ikinci dərəcəli məsələ deyil. Bu, beynəlxalq hüququn, siyasi məsuliyyətin və regional təhlükəsizliyin birbaşa kəsişdiyi nöqtədir. Və məhz bu səbəbdən dini, mədəni və tarixi abidələrin məqsədli şəkildə dağıdılmasına münasibət də emosional bəyanatlardan deyil, sübutdan, beynəlxalq hüquqdan və universal məsuliyyət prinsipindən çıxış etməlidir.

Qeyd edək ki, sentyabrın 15-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə dövlətimizin başçısı çıxış edərək Azərbaycanın Türk dünyası, Qafqaz və İslam aləmi ilə əlaqələrindən, İslam həmrəyliyinin əhəmiyyətindən və Qarabağın işğaldan azad edilməsindən danışıb.

Prezident çıxışında 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlərin dağıdıldığını, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparıldığını bildirib. O, həmçinin işğaldan azad edilmiş ərazilərdə məscidlərin dağıdılmasına toxunaraq 65 məscidin Ermənistan tərəfindən tamamilə dağıdıldığını, bəzilərinin isə yarıdağıdılmış vəziyyətdə olduğunu qeyd edib. İlham Əliyev Xocalı soyqırımının qurbanlarının, dağıdılmış məscidlərin və təhqir edilmiş mədəni-dini ocaqların heç vaxt unudulmayacağını vurğulayıb.

Dövlət başçısı eyni zamanda Azərbaycanın müharibədən sonra sülh gündəliyini seçdiyini, Ermənistanla sülh prosesinin davam etdiyini bildirib. O, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərindən də danışaraq Ağdam məscidinin bərpa edilən ilk obyektlərdən biri olduğunu və işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpasının davam etdirildiyini qeyd edib.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər