ŞƏT-dən Qlobal Cənuba: Azərbaycanın xarici siyasətində yeni və geniş əməkdaşlıq coğrafiyası formalaşır - ŞƏRH | 1news.az | Xəbərlər
Mövqe

ŞƏT-dən Qlobal Cənuba: Azərbaycanın xarici siyasətində yeni və geniş əməkdaşlıq coğrafiyası formalaşır - ŞƏRH

Qafar Ağayev13:26 - Bu gün
ŞƏT-dən Qlobal Cənuba: Azərbaycanın xarici siyasətində yeni və geniş əməkdaşlıq coğrafiyası formalaşır - ŞƏRH

“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərinin yeni mərhələyə yüksəlməsi ölkəmizin yalnız bu təşkilat daxilində mövqelərinin güclənməsi kimi qiymətləndirilməməlidir”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, burada daha böyük mənzərə var.

“Azərbaycan bu gün Qərblə Şərq, Avropa ilə Asiya arasında siyasi və iqtisadi əlaqələri paralel şəkildə inkişaf etdirən, müxtəlif güc mərkəzləri ilə öz milli maraqları əsasında əməkdaşlıq quran dövlət kimi çıxış edir. ŞƏT çərçivəsində tərəfdaşlığın genişlənməsi də məhz bu müstəqil və çoxvektorlu xarici siyasətin məntiqi davamıdır. ŞƏT-də yeni “tərəfdaş” modelinə keçid ilk növbədə Azərbaycan üçün böyük Avrasiya məkanında siyasi dialoqun və praktiki əməkdaşlığın imkanlarını genişləndirir. Burada söhbət təkcə sammitlərdə iştirakdan getmir. Nəqliyyat, logistika, enerji, investisiya, rəqəmsal iqtisadiyyat, təhlükəsizlik və humanitar əməkdaşlıq kimi istiqamətlər Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. ŞƏT məkanında dünyanın böyük iqtisadiyyatlarının, enerji istehsalçılarının və mühüm tranzit ölkələrinin bir araya gəlməsi Azərbaycanın irəli sürdüyü bağlantı layihələri üçün də yeni imkanlar yaradır”.

Deputat qeyd edib ki, Azərbaycanın ŞƏT ilə münasibətlərinin genişlənməsində iqtisadi və nəqliyyat amili xüsusi əhəmiyyət daşıyır.

“Xüsusilə Azərbaycanın Orta Dəhlizdə oynadığı rol nəzərə alınmalıdır. Bu gün Şərqdən Qərbə uzanan iqtisadi marşrutların əhəmiyyəti sürətlə artır. Azərbaycan isə Xəzər dənizi, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya çıxışı birləşdirən əsas həlqələrdən biridir. Ona görə də ŞƏT ilə münasibətlərin genişlənməsinin iqtisadi tərəfi gələcəkdə siyasi tərəfi qədər əhəmiyyətli ola bilər. “ŞƏT+” formatında çoxqütblü dünya nizamının ön plana çıxarılması Azərbaycanın uzun illər həyata keçirdiyi xarici siyasətlə də üst-üstə düşür. Azərbaycan heç vaxt öz xarici siyasətini yalnız bir siyasi mərkəzə bağlamayıb. Bakı həm Avropa İttifaqı və ABŞ ilə münasibətlərini inkişaf etdirir, həm Türk dünyası ilə inteqrasiyanı dərinləşdirir, həm Çin və Mərkəzi Asiya ilə əməkdaşlığı genişləndirir, həm də Qlobal Cənub ölkələri ilə yeni tərəfdaşlıqlar qurur”.

Vüqar İsgəndərov

V. İskəndərov vurğulayıb ki, Azərbaycanın çoxqütblülük siyasəti hər hansı güc mərkəzinə qarşı dayanmaq anlamına gəlmir.

“Əslində çoxqütblülük Azərbaycan üçün hansısa güc mərkəzinə qarşı dayanmaq demək deyil. Əksinə, bu, dövlətlərin suverenliyinə hörmət edilən, münasibətlərin diktə deyil, qarşılıqlı maraqlar əsasında qurulduğu beynəlxalq sistem deməkdir. Azərbaycanın siyasətinin əsas üstünlüklərindən biri də budur: Bakı qütblər arasında seçim etmək əvəzinə, müxtəlif qütblərlə əməkdaşlıq etməyi bacarır. Son dövrdə Asiya və Afrika istiqamətində müşahidə olunan fəallıq da təsadüfi deyil. Dünya iqtisadiyyatının və demoqrafiyasının ağırlıq mərkəzi tədricən dəyişir. Asiya artıq qlobal iqtisadiyyatın əsas lokomotivlərindən biridir, Afrika isə böyük insan resurslarına, təbii sərvətlərə və geniş bazara malik gələcəyin mühüm iqtisadi məkanlarından biri kimi meydana çıxır. Azərbaycan bu prosesləri kənardan izləmək deyil, həmin yeni iqtisadi coğrafiyanın fəal iştirakçılarından biri olmaq xəttini seçib”.

Deputatın sözlərinə görə, Asiya və Afrika ölkələri ilə münasibətlərin inkişafı Azərbaycan üçün yeni iqtisadi imkanlar açır.

“Bu münasibətlər Azərbaycan üçün yeni ixrac bazarları, investisiya imkanları, enerji və nəqliyyat layihələri, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və humanitar əməkdaşlıq perspektivləri yaradır. Digər tərəfdən, Azərbaycanın Qoşulmama Hərəkatında qazandığı böyük siyasi kapital Qlobal Cənub ölkələri ilə münasibətlər üçün kifayət qədər möhkəm baza formalaşdırıb. Bakı artıq bir çox Afrika və Asiya dövlətləri üçün uzaq Cənubi Qafqaz ölkəsi deyil, etibarlı siyasi tərəfdaş və Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından biridir. Azərbaycan-Qırğızıstan münasibətləri isə son dövrdə bu siyasətin ən uğurlu nümunələrindən birinə çevrilib. Prezident İlham Əliyevin Qırğızıstana son dövlət səfəri zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkə arasındakı əlaqələrin artıq ən yüksək siyasi səviyyəyə çatdığını göstərir. Bu münasibətlərin əsasında tarixi və mədəni yaxınlıq dayanır, lakin bu gün həmin yaxınlıq konkret siyasi və iqtisadi məzmunla tamamlanır”.

V. İskəndərov Azərbaycan-Qırğızıstan əlaqələrinin praktiki müstəvidə də sürətlə inkişaf etdiyini bildirib.

“Azərbaycan-Qırğız İnkişaf Fondunun fəaliyyəti, qarşılıqlı investisiyalar, nəqliyyat və logistika imkanları, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq münasibətlərin praktik hissəsini daha da gücləndirir. Qırğızıstan Mərkəzi Asiyada Azərbaycanın yaxın tərəfdaşlarından biridir, Azərbaycan isə Qırğızıstan üçün Xəzər üzərindən Türkiyə və Avropaya açılan mühüm istiqamətdir. Bütün bu proseslərə birlikdə baxdıqda Azərbaycanın xarici siyasətində yeni və olduqca maraqlı bir coğrafiyanın formalaşdığını görürük. Azərbaycan artıq yalnız Cənubi Qafqazın siyasi və iqtisadi reallıqları daxilində qiymətləndirilə bilməz. Ölkəmiz Mərkəzi Asiyadan Çinə, Yaxın Şərqdən Afrikaya, oradan Avropaya qədər uzanan geniş əməkdaşlıq məkanının iştirakçısına çevrilir. Bu isə Azərbaycanın həm siyasi manevr imkanlarını artırır, həm iqtisadi tərəfdaşlarını çoxaldır, həm də beynəlxalq sistemdə çəkisini daha da gücləndirir”.

Paylaş:
109

Son xəbərlər

Bütün xəbərlər