“Mehriban Əliyevanın bu təşəbbüsü səhiyyənin gələcəyinə investisiyadır” – Deputatdan AÇIQLAMA
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ictimai-siyasi fəaliyyətinin bütün dövrlərində sosial, humanitar, mədəniyyət və səhiyyə sahələrinə xüsusi diqqət və qayğı göstərib”.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, xüsusilə səhiyyənin ən çətin dövrlərində Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bu sahəyə mühüm töhfələr verilib:
“İstər Azərbaycan Mədəniyyətinin Dostları Fondu, istərsə də Heydər Əliyev Fondu vasitəsilə sosial, humanitar, mədəniyyət və səhiyyə sahələrində çoxsaylı mühüm layihələr həyata keçirilib. Bu gün də Birinci vitse-prezident Mehriban Əliyeva həmin istiqamətlərə xüsusi diqqət göstərir. Tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə əməkhaqlarının artırılması təşəbbüsü də bunun növbəti nümunəsidir. Bu nəcib təşəbbüs Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanıb və onun reallaşdırılması ilə bağlı müvafiq tapşırıq verilib. Hesab edirəm ki, bu qərar həm səhiyyə sahəsində həyata keçirilən əsaslı islahatların mühüm tərkib hissəsidir, həm də dövlətimizin davamlı sosial siyasətinin növbəti göstəricisidir”.
M.İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edəcək:
“Bu qərar ilk növbədə həkimlər, orta tibb işçiləri və bütövlükdə səhiyyə əməkdaşları üçün əlamətdar hadisədir. Tibb işçisinin əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi onun sosial rifahına, iş məmnuniyyətinə və peşəsinə bağlılığına birbaşa təsir göstərir. Əslində, bu gün tibb işçisinə edilən investisiya sabah Azərbaycan vətəndaşına göstəriləcək daha keyfiyyətli tibbi xidmətə qoyulan investisiyadır. Səhiyyədə yüksək nəticələrin əldə olunması yalnız müasir xəstəxanaların tikilməsi və ən son texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Bununla yanaşı, yüksək səviyyəli kadrların hazırlanması və tibb işçilərinin layiqli əməkhaqqı ilə təmin edilməsi də mühüm amillərdəndir. Beynəlxalq təcrübə göstərir ki, əməkhaqqı və digər stimullaşdırıcı mexanizmlər səhiyyə xidmətinin keyfiyyətinə birbaşa təsir edən əsas vasitələrdəndir”.
Deputat vurğulayıb ki, Azərbaycanda səhiyyə islahatları kompleks şəkildə həyata keçirilir:
“Son illərdə ölkəmizin bütün bölgələrində səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi, müasir tibb müəssisələrinin yaradılması və peşəkar kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb. Hazırda bu prosesin digər mühüm istiqaməti tibb işçilərinin sosial və maddi rifahının daha da yaxşılaşdırılmasıdır. Etiraf etməliyik ki, bölgələrdə tibb kadrlarının çatışmazlığının səbəblərindən biri də əməkhaqqı məsələsidir. Bu baxımdan əməkhaqlarının artırılması xüsusilə regionlarda tibb kadrlarının cəlb olunmasına və saxlanılmasına müsbət təsir göstərə bilər. Gələcəkdə də əməkhaqqı siyasəti ilə yanaşı, digər stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi vacibdir. Tibb işçilərinin peşəkarlığı, davamlı təhsili, fəaliyyət göstəriciləri və göstərdikləri xidmətin keyfiyyətinin də gələcək əməkhaqqı islahatlarında nəzərə alınması mühüm əhəmiyyət daşıyır”.
M.İbrahimqızı hesab edir ki, tibb xidmətlərinin keyfiyyətinin davamlı şəkildə yüksəldilməsi ölkənin demoqrafik və sosial təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edir:
“Əhalinin sağlamlığının qorunması və yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunması hər bir dövlətin strateji prioritetlərindəndir. Bu baxımdan səhiyyə sisteminə, xüsusilə də bu sistemin əsas dayağı olan insan kapitalına qoyulan investisiya böyük əhəmiyyət daşıyır. Əməyinin dövlət və cəmiyyət tərəfindən layiqincə qiymətləndirildiyini hiss edən tibb işçisinin öz peşəsinə bağlılığı və məsuliyyəti də daha yüksək olur. İnanıram ki, həyata keçirilən bu qərar səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, kadr potensialının gücləndirilməsinə və ölkə səhiyyəsinin gələcək inkişafına mühüm töhfə verəcək. Bu, həm də dövlətimizin sosial siyasətinin səhiyyə sahəsində konkret nəticələrindən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın humanist təşəbbüsü və Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləyən qərarı səhiyyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir”.
Deputat sonda bu təşəbbüsə görə dövlət başçısına və Birinci vitse-prezidentə təşəkkürünü bildirib:
“Milli Məclisin Səhiyyə komitəsinin üzvü kimi bu mühüm təşəbbüsə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Bu qərarın minlərlə tibb işçisinin sosial rifahına müsbət təsir göstərəcəyinə əminəm. Eyni zamanda, bunun səhiyyə sistemində insan kapitalının gücləndirilməsinə və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyinə inanıram”.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması istiqamətində yeni islahat həyata keçirilir. 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq yeni əməkhaqqı qaydaları 72 212 tibb işçisini əhatə edəcək, TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu isə 189 milyon manat artırılacaq.
İslahat tibb işçilərinin sosial rifahının yüksəldilməsi, əməyinin daha yüksək qiymətləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının gücləndirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.
Xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri və regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutulur. Regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələrə və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərə 1,3 əmsalı tətbiq ediləcək. Bu mexanizmlər tibb işçilərinin regionlara cəlb olunmasına və əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığının artırılmasına xidmət edəcək.
Yeni əməkhaqqı islahatı son illərdə tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin davamıdır və dövlətin səhiyyə sahəsinə, tibb işçilərinə və insan kapitalının inkişafına göstərdiyi diqqət və qayğının növbəti mühüm göstəricisidir.










