Deputat: Bu, Azərbaycan səhiyyəsinin inkişafına hesablanmış strateji addım kimi də qiymətləndirilməlidir - MÜSAHİBƏ
Xəbər verdiyimiz kimi bu gün keçirilən mətbuat konfransında TƏBİB-in icraçı direktoru Anar Bayramov, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin müvafiq tapşırığı ilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması istiqamətində yeni islahat həyata keçirildiyi barədə məlumat verdi.
2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq yeni əməkhaqqı qaydaları 72 212 tibb işçisini əhatə edəcək, TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu isə 189 milyon manat artırılacaq.
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədlinin fikirlərini öyrənməyə çalışdıq.
1news.az Müşfiq Məmmədli ilə müsahibəni təqdim edir:
— Birinci vitse-prezident Mehriban Əliyevanın tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü və Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləməsi səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsi baxımından nə dərəcədə əhəmiyyətlidir?
— İlk növbədə qeyd etmək istəyirəm ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu təşəbbüsünü böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşılayıram. Prezident İlham Əliyevin təşəbbüsü müsbət qarşılaması və onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi Azərbaycan dövlətinin tibb işçilərinin əməyinə verdiyi yüksək qiymətin, onlara göstərilən diqqət və qayğının çox mühüm ifadəsidir.
Mən özüm də həkiməm və tibb işçisinin əməyinin nə qədər ağır, məsuliyyətli və fədakarlıq tələb edən bir fəaliyyət olduğunu yaxşı bilirəm. Buna görə bu qərarın tibb ictimaiyyəti üçün həm maddi, həm də böyük mənəvi əhəmiyyəti var. Tibb işçisi görür ki, onun əməyi dövlətin ən yüksək səviyyəsində qiymətləndirilir. Bu, insanlarda həm məmnunluq, həm də öz peşəsinə və dövlət səhiyyə sisteminə bağlılıq yaradır.
Xüsusilə sevindirici məqam ondan ibarətdir ki, söhbət kifayət qədər genişmiqyaslı islahatdan gedir. Yeni əməkhaqqı mexanizmi 72 mindən artıq tibb işçisini əhatə edir və illik əməkhaqqı fondunun 189 milyon manat artırılması nəzərdə tutulur. Bu rəqəmlər dövlətimizin tibb işçilərinin sosial rifahının yüksəldilməsinə verdiyi əhəmiyyəti aydın şəkildə nümayiş etdirir.
— Əməkhaqqı artımının tibb peşəsinin cəlbediciliyinə, xüsusilə gənc həkimlərin və mütəxəssislərin bu sahəyə marağına təsiri necə olacaq?
— Bunun çox ciddi müsbət təsiri olacaq. Gənc insan peşə seçərkən onun mənəvi nüfuzu ilə yanaşı, gələcək sosial təminatını, peşəkar inkişaf və karyera imkanlarını da nəzərə alır. Həkimlik uzunmüddətli təhsil, davamlı özünüinkişaf və çox böyük məsuliyyət tələb edən peşədir. Bu əməyin adekvat şəkildə qiymətləndirilməsi tibb peşəsinin cəlbediciliyini artıran əsas amillərdən biridir.
Yeni yanaşmada xüsusilə ailə həkimliyi, ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya və bəzi dar ixtisasların daha güclü stimullaşdırılması çox doğru yanaşmadır. Məsələn, ailə və sahə həkimlərinin aylıq əməkhaqqının 1150 manatdan 2000 manata çatdırılması nəzərdə tutulur. Bu, 74 faizlik artımdır.
Düşünürəm ki, belə qərarlar gənc həkimlərə çox mühüm mesaj verir: dövlət sizin peşənizi qiymətləndirir, əməyinizə ehtiyac duyur və gələcəyinizi səhiyyə sistemində qurmağınız üçün daha yaxşı şərait yaratmağa çalışır.
— Regionlarda kadr çatışmazlığının aradan qaldırılması üçün yalnız əməkhaqqı artımı kifayət edirmi?
— Əməkhaqqı ən mühüm stimullardan biridir, lakin təkbaşına kifayət etməyə bilər. Məhz yeni islahatın üstünlüklərindən biri də məsələyə diferensial yanaşılmasıdır. Regionlarda kadr çatışmazlığı olan bir sıra ixtisaslar üçün daha yüksək əməkhaqqı və əlavə stimullaşdırıcı əmsallar nəzərdə tutulur.
Məsələn, regionlarda uşaq anestezioloq-reanimatoloqlarının əməkhaqqının 1450 manatdan 3000 manata çatdırılması nəzərdə tutulur. Eyni zamanda həkim çatışmazlığı olan regionlarda müəyyən tibbi xidmətlər üzrə işin nəticəsinə görə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi planlaşdırılır.
— Əməkhaqqı artımı Azərbaycan səhiyyəsinin daha da inkişaf etməsinə səbəb olacaqmı?
— Şübhəsiz ki, bunun müsbət təsiri olacaq. Çünki səhiyyənin əsas kapitalı insandır. Ən müasir xəstəxananı tikə, ən bahalı tibbi avadanlığı ala bilərik, lakin peşəkar, motivasiyalı və əməyindən məmnun həkim və tibb işçisi olmadan yüksək keyfiyyətli səhiyyə sistemi qurmaq mümkün deyil.
Məni xüsusilə məmnun edən məqamlardan biri yeni əməkhaqqı modelində yalnız işin həcminin deyil, xidmətin keyfiyyətinin və pasiyent məmnunluğunun da nəzərə alınmasıdır. Bu, çox vacib yanaşmadır. Beləliklə, əməkhaqqının artırılması yalnız sosial müdafiə tədbiri deyil, eyni zamanda tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün idarəetmə alətinə çevrilir.
Bu mənada Mehriban xanım Əliyevanın təşəbbüsü Azərbaycan səhiyyəsinin gələcək inkişafına hesablanmış strateji sosial addım kimi də qiymətləndirilməlidir.
— Ümumilikdə, bu islahatın qarşıdakı dövrdə nəticəsi nə ola bilər?
— Mən üç əsas nəticəni xüsusi qeyd edərdim.
Birincisi, tibb işçilərinin sosial rifahının və peşə motivasiyasının yüksəlməsi. Həkim, tibb bacısı və digər tibb işçilərinin əməyinin daha yüksək qiymətləndirilməsi onların sistemə bağlılığını və peşə məmnunluğunu artıracaq.
İkincisi, insan kapitalının güclənməsi və regionlarda kadr təminatının yaxşılaşması. Daha yüksək və diferensial əməkhaqqı, xüsusilə çatışmayan ixtisaslar üzrə stimullaşdırıcı mexanizmlər gənc mütəxəssislərin dövlət səhiyyə sisteminə və regionlarda çalışmağa marağını artıra bilər.
Üçüncüsü və ən əsası, vətəndaşa göstərilən tibbi xidmətin keyfiyyətinin və pasiyent məmnunluğunun yüksəlməsi. İslahatın son nəticəsini məhz vətəndaş hiss etməlidir. Daha motivasiyalı tibb işçisi, daha güclü kadr potensialı və əməyin keyfiyyət göstəriciləri əsasında stimullaşdırılması nəticə etibarilə daha keyfiyyətli tibbi xidmət deməkdir.
Bütövlükdə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu təşəbbüsünü tibb ictimaiyyətinə göstərilən böyük diqqət və qayğının növbəti təzahürü hesab edirəm. Prezident İlham Əliyevin təşəbbüsü dəstəkləməsi və onun həyata keçirilməsi üçün tapşırıq verməsi isə bir daha göstərir ki, Azərbaycanda səhiyyənin inkişafı və bu sistemin əsas dayağı olan tibb işçilərinin sosial rifahı dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Bir həkim və Milli Məclisin Səhiyyə komitəsinin üzvü olaraq bu qərardan xüsusi məmnunluğumu ifadə edir, dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tibb ictimaiyyətinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürümü bildirirəm.










