ÜST-dən həyəcan təbili: Ebola epidemiyası bütün regionu təhdid edir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyasının tarixdə qeydə alınmış ikinci ən böyük və indiyədək ən sürətlə yayılan epidemiya olduğunu bildirib.
1news.az xəbər verir ki, Qebreyesus bunu BMT-nin Cenevrə Ofisində Akreditə Olunmuş Mətbuat İşçiləri Assosiasiyasının (ACANU) üzvü olan jurnalistlərlə görüşü zamanı deyib.
O bildirib ki, ölkədə Ebola virusuna yoluxanların sayı 6 mini, ölənlərin sayı isə 3 mini keçib.
Epidemiyanın episentri İturidir
Qebreyesus epidemiyanın hazırda altı vilayətdə 60 səhiyyə rayonunu əhatə etdiyini və geniş coğrafiyaya yayıldığını bildirib.
“İturi vilayəti yoluxma hallarının 85 faizini, ölüm hallarının isə 88 faizini təşkil etməklə epidemiyanın episentri olaraq qalır”, - deyə o qeyd edib.
ÜST rəhbəri ən narahatedici məqamın ölümlərin əksəriyyətinin müalicə mərkəzlərindən kənarda baş verməsi olduğunu vurğulayıb. O, ölən şəxslərin təhlükəsiz şəkildə dəfn edilməməsinin virusun yayılmasını sürətləndirdiyini bildirib.
Region üçün təhlükə yaradır
Qebreyesus qeyd edib ki, KDR-də bir çox ölüm əvvəldən məlum olan təmaslı şəxslər siyahısına daxil olmayan insanlar arasında baş verir.
“Bu, bizim bilmədiyimiz yoluxma zəncirlərinin olduğunu göstərir. Hər bir zəncir müəyyən edilərək qırılana qədər epidemiya davam edəcək. Bu vəziyyət KDR, onun qonşuları və bütövlükdə region üçün təhlükə yaratmaqda davam edəcək”, - deyə o bildirib.
O, Ebola epidemiyasının bölgə əhalisinin üzləşdiyi yeganə sağlamlıq təhlükəsi olmadığını da vurğulayıb. Qebreyesusun sözlərinə görə, KDR-nin bu hissəsi onilliklərdir münaqişələr, məcburi köçkünlük, yoxsulluq və aclıqdan əziyyət çəkir.
300-dən çox mütəxəssis göndərilib
ÜST-nin KDR hökumətinin rəhbərliyi, Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (Africa CDC) və digər təşkilatlarla birlikdə epidemiyaya qarşı mübarizəni genişləndirdiyini deyən Qebreyesus bölgəyə 330 tondan çox təcili yardım materialı və 300-dən çox mütəxəssis göndərildiyini bildirib.
O, Bundibugyo virusuna qarşı iki yeni vaksinin təhlükəsizlik sınaqlarının Böyük Britaniya və Kanadada aparıldığını qeyd edib.
“Əvvəlki Ebola epidemiyalarının əksəriyyətinə səbəb olan Zaire ebolavirusuna qarşı təsdiqlənmiş vaksin də var. Lakin onun Bundibugyo virusuna qarşı effektiv olub-olmadığını bilmirik. ÜST tərəfdaşları ilə birlikdə hər üç vaksinin KDR-də oktyabr və ya noyabr aylarında başlayacaq effektivlik sınaqlarına keçirilməsi üzərində çalışır”, - deyə Qebreyesus bildirib.
Qəzzada səhiyyə riskləri artır
ÜST rəhbəri Qəzza zolağında humanitar böhranın dərinləşdiyini və qış aylarının yaxınlaşması ilə ciddi ictimai səhiyyə risklərinin artdığını da bildirib.
O qeyd edib ki, insanların əksəriyyəti həddindən artıq sıxlıq olan çadır düşərgələrində məcburi köçkün vəziyyətində yaşayır.
“Daşan kanalizasiya, yığılan tullantılar və təhlükəsiz suya çıxışın məhdud olması getdikcə daha təhlükəli şərait yaradır. Su çirklənməsi artır və bu il kəskin sulu ishal hallarının sayı demək olar ki, iki dəfə artıb. Yağışların başlaması ilə sel sularının kanalizasiya və çirklənmiş suyu sıx məskunlaşmış ərazilərə yayaraq xəstəlik riskini artıracağı ehtimal olunur. Qəzzanın onsuz da həddindən artıq yüklənmiş səhiyyə sistemi bu artımın öhdəsindən gəlmək üçün kifayət qədər imkanlara malik deyil”, - deyə Qebreyesus vurğulayıb.
O, Qəzzada reabilitasiyaya ehtiyacın da böyük olduğunu bildirib. Qeyd edib ki, 6 600-dən çox insan ətrafların amputasiyasından sonra uzunmüddətli reabilitasiya, protez və ya ortopedik vasitələrə ehtiyac duyur.
“Əlil arabaları və qoltuq ağacları kimi yardımçı vasitələr Qəzzaya daxil olsa da, ÜST-yə iki ildən artıqdır ki, əraziyə protez və reabilitasiya avadanlığı göndərməyə icazə verilmir. Nəticədə ətraflarını itirən insanların yalnız kiçik bir hissəsi protez vasitə əldə edə bilib. Qəzzadakı fələstinlilərin ehtiyaclarını qarşılamaq üçün zəruri olan əsas dərmanların, reabilitasiya avadanlıqlarının və ictimai səhiyyə ləvazimatlarının maneəsiz və sürətləndirilmiş şəkildə əraziyə daxil olmasını tələb edirik”, - deyə o bildirib.
“Xilas edilən hər bir həyat önəmlidir”
ÜST-nin Humanitar Yardım, Fəlakətlərə Müdaxilə və Səhiyyə Fövqəladə Hallarına Cavab Bölməsinin rəhbəri Tereza Zakariya Qəzzaya daha çox humanitar yardımın çatdırılması ilə bağlı suala cavabında bildirib ki, böhran bölgələrində şərait nə qədər çətin olsa da, hər zaman görülə biləcək işlər var.
Zakariya deyib ki, xilas edilən hər bir həyat böyük əhəmiyyət daşıyır.
“Xilas edilən hər bir həyat çox önəmlidir. Bu da bizi ümidsizliyə qapılmamağa və fəaliyyətimizi davam etdirməyə sövq edir. 2023-cü ilin oktyabrından etibarən ÜST-nin, regionun səhiyyə qrupunun və xidmətlərin davam etdirilməsi üçün ərazidə qalan tərəfdaşların fəaliyyətini gördük. Qəzzaya daha yaxşı və təhlükəsiz çıxışın, eləcə də daha humanist şəraitin təmin edilməsi üçün bütün dünyaya çağırışımızı davam etdiririk”, - deyə o bildirib.
Zakariya Qəzzaya az miqdarda olsa belə humanitar yardımın daxil olmasının vacibliyini vurğulayıb və əraziyə maneəsiz çıxışın təmin edilməsinə çağırış edib.
Ebola minlərlə insanın ölümünə səbəb olub
Qanamalı qızdırmaya səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara şəhərində və KDR-nin Yambuku şəhərində eyni vaxtda baş vermiş epidemiyalar zamanı aşkar edilib.
KDR-də epidemiya Ebola çayının yaxınlığındakı kənddə başladığı üçün xəstəliyə həmin çayın adı verilib.
2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən Ebola epidemiyası zamanı 30 minə yaxın insana virus yoluxub, 11 mindən çox insan həyatını itirib.
KDR-nin şərqində yerləşən İturi vilayətində 246 şübhəli yoluxma halı və 65 ölüm qeydə alındıqdan sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan edilib.
Səhiyyə rəsmilərinin məlumatına görə, may ayında başlayan “Bundibugyo” Ebola variantının təsdiqlənmiş müalicəsi və vaksini yoxdur.












