“Volkswagen”-də maliyyə böhranı: “Seat”ın istehsalı 2029-cu ilədək dayandırılacaq
Almaniyada iqtisadi problemlər gündən-günə dərinləşir.
Almaniyanın avtomobil nəhəngi Volkswagen də ölkəni bürüyən iqtisadi böhrandan öz payını alıb.
1news.az Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir ki, "Volkswagen" köklü İspan avtomobil markası Seat-ı bazardan tamamilə çıxarmağı və gələcəyini "Cupra" markası üzərində qurmağı planlaşdırır. Şirkət bu radikal qərarla yanaşı, Almaniyadakı zavodlarının bağlanmasını və on minlərlə işçinin ixtisar edilməsini əhatə edən böyük qənaət paketini də səsverməyə çıxarmağa hazırlaşır.
Sızan hesabata görə, "Volkswagen"in İdarə Heyəti "Seat"ı bazardan tamamilə çəkmək istəyir. Şirkət rəhbərliyi satışlarda artıq "Seat"ı xeyli qabaqlayan Cupra markasına diqqəti cəmləşdirməyi hədəfləyir.
"Volkswagen"in Müşahidə Şurası cümə günü keçiriləcək iclasda bu məsələni səsverməyə qoyacaq. Əldə edilən məlumata görə, Seat artıq qrupun 2029-cu il planlarında yer almır. "Volkswagen" bu addımla xərcləri azaltmağı, prosesləri sadələşdirməyi və Cupra markasına daha güclü şəkildə fokuslanmağı hədəfləyir.
Hesabata sızan daxili sənədlərdə qeyd olunur ki, "Seat"ın mövcud formada davam etdirilməsi əlavə resurslar tələb edəcək, halbuki strateji inkişaf "Cupra" markalar qrupu daxilində cəmləşməlidir.
Faktiki olaraq, "Cupra" yaşca daha böyük olan "bacı" markasını artıq geridə qoyub. 2026-cı ilin ilk yarısında 170 min "Cupra" avtomobili təhvil verilibsə, "Seat"-da bu rəqəm 129 minə çatıb.
Berlindəki FHM Berlin-in avtomobil sənayesi üzrə eksperti Frank Şvope isə bu qərara təəccüblənmədiyini bildirib. "Bild"ə açıqlamasında ekspert deyib ki, "Volkswagen"in "Seat" markasını ləğv edə biləcəyi ilə bağlı şayiələr artıq aylardır dolaşırdı — "Cupra" gələcəkdir, Seat isə keçmiş. Onun fikrincə, "Seat"ın ucuz, giriş səviyyəli marka kimi saxlanılması daha məqsədəuyğun olardı və "Volkswagen"in onu ucuz avtomobil seqmentində sınamamasını təəssüf doğurucu hesab edir; bu, öz növbəsində qrupun "Dacia"sına çevrilə bilərdi.
"Bild"in yazdığına görə, "Seat"ın mümkün sonu Volkswagen-in böyük transformasiya planının yalnız bir hissəsidir. Müşahidə Şurası cümə günü Almaniyadakı dörd zavodun gələcəyi ilə yanaşı, dünya üzrə minlərlə işçinin ixtisarını nəzərdə tutan sərt qənaət paketini də müzakirə edəcək.
Konsernin baş icraçı direktoru Oliver Blume Avropanın ən böyük avtomobil istehsalçısını sərt qənaət proqramı vasitəsilə yenidən rəqabətqabiliyyətli etmək istəyir. Şirkət üzərindəki təzyiq xüsusilə Çinli istehsalçılardan, Çin bazarındakı daralmadan və ABŞ-ın tətbiq etdiyi gömrük tariflərindən qaynaqlanır. Qənaət planında əsasən "Volkswagen"in Zvickau, Emden və Hannover zavodları, həmçinin "Audi"nin Neckarsulm müəssisəsi diqqət mərkəzindədir.
İşçi nümayəndələri və Aşağı Saksoniya əyaləti isə bu mümkün ixtisarlara qarşı sərt müqavimət göstərəcəklərini açıqlayıb. Cümə günü keçiriləcək səsvermə Volkswagen konserninin gələcəyi baxımından ən mühüm dönüş nöqtələrindən biri olacaq.












