Məşhur aktyora 12 ilədək həbs tələb edildi | 1news.az | Xəbərlər
Dünya

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Oksana Orucova16:54 - Bu gün
Məşhur aktyora 12 ilədək həbs tələb edildi

“Dini dəyərləri alçaltma” və “Prezidenti təhqir etmə” ittihamları ilə həbs olunan türkiyəli komediyaçı Deniz Göktaşla bağlı ittiham aktı hazırlanıb.

1news.az-ın xarici mediaya istinadən məlumatına görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan sənəddə Göktaşın üç ayrı cinayət üzrə məsuliyyətə cəlb olunması tələb edilib.

Prokurorluq komediyaçı üçün 2 il 2 aydan 9 il 8 ayadək həbs cəzası istəyib.

İttiham aktında Göktaşın iyunun 24-də “YouTube” platformasında yayımlanan “Ölü Deniz” proqramında səsləndirdiyi fikirlərə də yer verilib. Sənəddə onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı ifadələrinin tənqidi ifadə azadlığı çərçivəsini aşdığı və dövlət başçısının şərəf, ləyaqət və nüfuzuna xələl gətirə biləcək məzmun daşıdığı bildirilib.

Komediyaçıya qarşı digər ittihamlar isə “xalqı kin və düşmənçiliyə təhrik etmək və ya aşağılamaq” və “cinayəti və cinayətkarı tərifləmək” olub.

Prokurorluq sənədində Göktaşın oruc tutan şəxslərlə bağlı fikirlərinin cəmiyyətin dini baxımdan fərqli qrupları arasında kin və düşmənçiliyi təşviq etdiyi iddia edilib.

Bundan başqa, onun başqa bir videoda İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”lə bağlı səsləndirdiyi ifadələr də ittiham aktına daxil edilib.

Göktaşın dənizə haşema ilə girən qadınlarla bağlı sözləri də sənəddə qeyd olunub. İttiham aktına əsasən, komediyaçı ifadəsində “dalğıc” sözü ilə haşema geyinərək dənizə girən qadınları nəzərdə tutduğunu etiraf edib.

Qeyd edək ki, prokurorluğun tələb etdiyi həbs müddəti yekun məhkəmə qərarı deyil. Göktaşın təqsirli olub-olmamasına və cəzanın müəyyənləşdirilməsinə son olaraq məhkəmə qərar verəcək.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər