Filippində vitse-prezident barədə həbs qərarı çıxarılıb | 1news.az | Xəbərlər
Dünya

Filippində vitse-prezident barədə həbs qərarı çıxarılıb

First News Media14:10 - Bu gün
Filippində vitse-prezident barədə həbs qərarı çıxarılıb

Filippində məhkəmə dövlət başçısı Ferdinand Markos Jr. və onun yaxınlarına qarşı “ölüm və sui-qəsd təhdidi” səsləndirməkdə ittiham olunan vitse-prezident Sara Duterte barədə həbs qərarı çıxarıb.

1news.az xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb.

Bildirilib ki, Quezon şəhər regional məhkəməsi Sara Duterte barəsində “ölüm və sui-qəsd təhdidi” ittihamı ilə həbs qərarı çıxarıb.

Məhkəmə həmçinin Duterteyə qarşı irəli sürülən ittihamların hər biri üzrə 1 900 dollar məbləğində girov müəyyən edib.

Filippin Prezident Aparatından verilən açıqlamada məhkəmənin qərarına hörmətlə yanaşıldığı bildirilib.

Nə baş verib?

Vitse-prezident Sara Duterte dövlət vəsaitlərindən qanunsuz istifadə etməkdə, həmçinin dövlət başçısı Ferdinand Markos Jr., onun həyat yoldaşı Liza Araneta-Markos və əmisi oğlu, Nümayəndələr Palatasının sədri Martin Romualdesi ictimaiyyət qarşısında təhdid etməkdə ittiham olunur.

Duterte isə ona qarşı irəli sürülən ittihamları rədd edir.

Onun təqsirli bilinərək məhkum ediləcəyi təqdirdə dövlət vəzifəsi tutmasının qadağan edilə biləcəyi və bununla da 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak imkanını itirə biləcəyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl Filippin Ədliyyə Nazirliyi Sara Duterteyə qarşı dövlət başçısı Ferdinand Markos Jr., onun həyat yoldaşı Liza Araneta-Markos və Nümayəndələr Palatasının sədri Martin Romualdesə ölüm və sui-qəsd təhdidləri səsləndirməsi ilə bağlı ittiham irəli sürüb.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər