Konqoda toy salonunda yanğın: 22 nəfər ölüb
Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasada toy mərasiminin keçirildiyi salonda yanğın baş verib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ilkin məlumata görə, 22 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Paytaxtın Linqvala bölgəsində yerləşən “Panacee” adlı salonda toy mərasimi davam edən zaman naməlum səbəbdən yanğın başlayıb.
Yaralılar Kinşasada yerləşən müxtəlif tibb müəssisələrinə çatdırılıb. Yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi məqsədilə araşdırma başlanıb.
Hadisədən sonra KDR Baş nazirinin müavini və Daxili İşlər naziri Jakmen Şabani ölkə üzrə toy salonları və kütləvi tədbirlərin keçirildiyi məkanlarda təhlükəsizlik vəziyyətinin yoxlanılması barədə göstəriş verib.
Şabani təhlükəsizlik standartlarına cavab verməyən məkanların dərhal bağlanmasını tapşırıb.











