Nazir: PISA nəticələri ölkənin təhsil göstəricilərini digər dövlətlərlə müqayisə etməyə imkan verir
“PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələri təhsil sisteminin müxtəlif istiqamətlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
1news.az xəbər verir ki, bunu PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, PISA nəticələri yalnız ayrı-ayrı göstəricilərin müqayisəsi baxımından deyil, ümumilikdə təhsil siyasətinin formalaşdırılması və təhlili baxımından da əhəmiyyətlidir.
“PISA elə bir statistik və qiymətləndirmə mexanizmi təqdim edir ki, biz həm özümüzü, həm də digər ölkələri müqayisə edə bilirik. Bu, artıq kiminsə fikrinə və ya subyektiv yanaşmasına görə deyil, real statistik göstəricilər əsasında aparılan müqayisədir”, - deyə Emin Əmrullayev qeyd edib.
Onun sözlərinə görə, beynəlxalq qiymətləndirmələrin nəticələri təhsil siyasətinin müəyyənləşdirilməsi üçün mühüm istiqamətlər ortaya qoyur.
“Bu nəticələrə baxaraq təhsil siyasətini araşdırmaq, hansı istiqamətlərdə problemlərin olduğunu müəyyənləşdirmək və həmin problemlərin həlli ilə bağlı nəticələr çıxarmaq mümkündür”, - nazir vurğulayıb.
E.Əmrullayev qeyd edib ki, təhsil siyasəti rəqəmlərə, müxtəlif qiymətləndirmələrin nəticələrinə və statistik məlumatlara əsaslanmalıdır.
“Normalda təhsil siyasəti rəqəmlərə və müxtəlif qiymətləndirmələrin nəticələrinə əsaslanmalıdır. Nəticələr isə ilk növbədə ölkədə təhsilin hansı səviyyədə təşkil olunmasından və hansı metodlardan istifadə edilməsindən asılı olaraq formalaşır”, - deyə nazir bildirib.
Nazir qiymətləndirmələr zamanı seçmə qrupların formalaşdırılmasının da əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
“Burada əsas məsələ seçmənin necə aparılmasıdır. Seçmə qrupu düzgün müəyyənləşdirildikdə və həmin seçmənin nəticələri düzgün hesablandıqda, ölkə üzrə orta göstərici haqqında daha obyektiv nəticə əldə etmək mümkündür”, - E.Əmrullayev deyib.
O bildirib ki, PISA 2025 tədqiqatında Azərbaycan bütün iqtisadi rayonlar üzrə təmsil olunub. Ölkə üzrə 241 məktəbdən 7 432 şagird tədqiqata cəlb edilib.
Qeyd edək ki, PISA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, həmçinin bu bilikləri real həyat situasiyalarında tətbiq etmək qabiliyyətini qiymətləndirən beynəlxalq tədqiqatdır.
Qafar Ağayev












