Dünya avqust ayında rekordlar tarixində ən isti ayı yaşadı
2026-cı ilin avqust ayında dünya üzrə orta səth temperaturu 16,96 dərəcəyə yüksələrək meteoroloji müşahidələr tarixində ən yüksək göstəriciyə çatıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) avqust ayı üzrə qlobal temperatur məlumatlarını açıqlayarkən bildirib.
Məlumata görə, avqust ayında qlobal orta səth hava temperaturu 16,96 dərəcə təşkil edib. Bu göstərici 1991-2020-ci illər üzrə avqust ayının orta temperaturundan 0,85 dərəcə yüksək olub.
2026-cı ilin avqustunda qeydə alınan temperatur 2023-cü ilin iyulunda ölçülən 16,95 dərəcəlik göstəricini də geridə qoyub. Bununla da avqust ayı müşahidələr tarixində təkcə ən isti avqust deyil, həm də ümumilikdə ən isti ay olub.
Ötən ay qlobal temperatur 1850-1900-cü illəri əhatə edən sənayeöncəsi dövrün orta göstəricisindən 1,65 dərəcə yüksək olub. Beləliklə, 2025-ci ilin noyabrından sonra ilk dəfə avqust ayında aylıq temperatur artımı 1,5 dərəcə həddini keçib.
İyun-avqust aylarını əhatə edən yay mövsümündə də qlobal orta temperatur 1991-2020-ci illərin göstəricisindən 0,69 dərəcə yüksək olub. Bununla da 2026-cı ilin yayı 2024-cü illə birlikdə müşahidələr tarixində ən isti yay mövsümü kimi qeydə alınıb.
Avropada da rekord istilik
Avropada avqust ayının orta temperaturu 20,26 dərəcə təşkil edib. Bu, 1991-2020-ci illər üzrə orta göstəricidən 1,10 dərəcə yüksəkdir. Beləliklə, 2026-cı ilin avqustu qitədə müşahidələr tarixində ən isti dördüncü avqust olub.
Avropada yay mövsümünün orta temperaturu normadan 1,17 dərəcə yüksək qeydə alınıb. Bununla da 2026-cı ilin yayı 2024 və 2022-ci illərdən sonra qitədə müşahidələr tarixində ən isti üçüncü yay olub.
Qərbi Avropada isə 2003-cü ildə qeydə alınan rekord geridə qoyulub və region tarixdə ən isti yay mövsümünü yaşayıb.
Dəniz səthinin temperaturu da rekord vurub
Qütb bölgələri istisna olmaqla, dünya okeanlarında orta dəniz səthi temperaturu avqust ayında 21,07 dərəcəyə yüksəlib. Bu, avqust ayı üçün indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Sakit okeanda sürətlə güclənən El-Nino şəraiti yüksək temperatur göstəricilərinin formalaşmasına təsir edən amillərdən biri olub.
Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzinin (ECMWF) İqlim Strategiyası üzrə rəhbəri Samanta Börqes bildirib ki, 2026-cı ilin avqustu qlobal iqlim müşahidələri baxımından olduqca qeyri-adi ay olub.
“Avqust 2026 qlobal iqlim tarixində fövqəladə bir ay oldu. Bu ay həm indiyədək qeydə alınan ən isti avqust, həm də ən isti ay kimi tarixə düşdü. Qlobal temperatur sənayeöncəsi dövrün göstəricilərindən 1,65 dərəcə yüksək olub”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, rekord səviyyədə qeydə alınan qlobal dəniz səthi temperaturu və Qərbi Avropada müşahidə olunan ən isti yay mövsümü iqlim dəyişikliyinin həm atmosferdə, həm də okeanlarda ekstremal hava hadisələrinin yaranmasına necə təsir etdiyini göstərir.
“Bu şəraitin təsirləri dünyanın müxtəlif yerlərində icmalar, iqtisadiyyatlar və ekosistemlər tərəfindən getdikcə daha çox hiss olunur”, - deyə Börqes vurğulayıb.












