NASA Marsda sirli dəliklər aşkar edib | 1news.az | Xəbərlər
Dünya

NASA Marsda sirli dəliklər aşkar edib

Qafar Ağayev11:37 - Bu gün
NASA Marsda sirli dəliklər aşkar edib

NASA-nın Marsda 14 ildir araşdırmalar aparan “Curiosity” kosmik aparatı planetin geoloji keçmişi ilə bağlı yeni və qeyri-adi struktur aşkar edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Curiosity” “Gale” kraterində yerləşən Şarp dağı ərazisində araşdırmalarını davam etdirərkən, Valle Grande bölgəsində səthin üzərində diametri təxminən 1 santimetr olan kiçik və dayaz dəliklər qeydə alıb.

Bildirilib ki, əvvəllər müşahidə edilən çökəkliklərdən fərqli olaraq, yeni aşkar edilən dəliklərin ətrafında eroziya nəticəsində aşınaraq ayrılmış çınqıl və ya mineral qalıqları müşahidə olunmayıb.

Strukturların olduqca dayaz və geniş olması Marsda indiyədək məlum olan aşınma proseslərindən fərqli mexanizmin mövcud ola biləcəyinə işarə edir.

Fotoşəkillər analiz edilir

“Curiosity” komandasının dəliklərin necə yarandığını müəyyənləşdirmək üçün aparatın üzərində yerləşən MAHLI və Mastcam kameralarından istifadə etdiyi bildirilib.

Bölgənin yaxın məsafədən çəkilmiş görüntüləri və səthin üçölçülü modelləri əsasında araşdırmalar davam etdirilir.

Qeyd edək ki, “Curiosity” son günlər Şarp dağına qalxışı zamanı 1000 metr hündürlük fərqini geridə qoyub. Aparat hazırda bölgədəki müxtəlif süxur təbəqələrinin kimyəvi tərkibini və aşınma xüsusiyyətlərini araşdırır.

Alimlər yeni aşkar edilən strukturların indiyədək məlum olmayan eroziya prosesinin, yoxsa süxurların fərqli fiziki xüsusiyyətlərinin nəticəsi olduğunu müəyyənləşdirmək üçün əldə olunan məlumatları təhlil edirlər.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər