Alparslan Bayraktar: Azərbaycan-Türkiyə Naxçıvan elektrik bağlantısında mühüm mərhələ geridə qalıb
“Azərbaycan-Türkiyə Naxçıvan elektrik bağlantısı layihəsində mühüm mərhələ geridə qalıb və layihənin icra mərhələsinə keçilməsi üçün zəmin yaranıb”.
1news.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə Naxçıvan elektrik bağlantısı layihəsini yaxından izləyir və Azərbaycanla elektrik sistemlərinin birləşdirilməsini enerji əməkdaşlığının inkişafı baxımından mühüm hesab edir.
Nazirin sözlərinə görə, bu cür bağlantılar enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, iki ölkə arasında enerji əməkdaşlığını strateji səviyyəyə yüksəldir.
“Türkiyə-Azərbaycan Naxçıvan elektrik bağlantısı layihəsi çərçivəsində ilk işlərin tamamlanması və müvafiq qurumlarımız tərəfindən aparılan texniki qiymətləndirmələr nəticəsində ən tətbiqolunan variantın müəyyən edilməsi layihədə mühüm mərhələnin geridə qaldığını göstərir”, - deyə Bayraktar bildirib.
O qeyd edib ki, sistem operatorları tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılması istiqamətində əlavə işlər aparılır.
“Bu işlərin başa çatdırılması layihənin daha da dəqiqləşdirilməsinə və icra mərhələsinə hazırlanmasına imkan verəcək. Qarşıdakı dövrdə artıq icra mərhələsinə keçilməsi üçün güclü bir zəmin yarandığına inanıram”, - Türkiyənin energetika naziri vurğulayıb.
Bayraktar qeyd edib ki, qlobal enerji sistemi getdikcə daha çox elektrik enerjisi üzərində qurulur.
“Sənaye, nəqliyyat, binalar və gündəlik həyatın digər sahələri elektrik enerjisindən daha çox asılı vəziyyətə gəlir. Əsas məsələ yalnız enerji istehsal etmək deyil, həm də bu enerjini istehlakçılara etibarlı, dayanıqlı, sürətli və səmərəli şəkildə çatdırmaqdır”.
Nazir vurğulayıb ki, güclü və bir-biri ilə əlaqələndirilmiş elektrik sistemləri enerji təchizatının təhlükəsizliyini artırır, resurslardan daha səmərəli istifadə etməyə, bərpa olunan enerji mənbələrinin sistemə daha geniş inteqrasiyasına və elektrik enerjisi ticarətinin inkişafına imkan yaradır.
“Biz elektrik sistemlərinin birləşdirilməsinə yalnız fiziki bağlantı kimi deyil, strateji əməkdaşlığın mühüm elementi kimi yanaşırıq”, - deyə Bayraktar bildirib.
O, Azərbaycan-Türkiyə-Naxçıvan elektrik bağlantısı ilə yanaşı, Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında Yaşıl Elektrik Ötürülməsi və Ticarəti Layihəsinin də əhəmiyyətini qeyd edib.
Bayraktar bu layihənin sürətləndirilməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, layihə ilə bağlı mühüm imzalanma mərasiminin Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 çərçivəsində təşkil olunması və hökumətlərarası sazişin dövlət və ya hökumət başçıları səviyyəsində imzalanması mümkündür.
Nazir qeyd edib ki, ölkənin enerji infrastrukturu və strateji coğrafi mövqeyi onu regional enerji mərkəzlərindən birinə çevirir.
Onun sözlərinə görə, elektrik sistemlərinin birləşdirilməsi və yeni enerji layihələrinin həyata keçirilməsi regional enerji infrastrukturunun şaxələndirilməsinə, Türkiyənin, Azərbaycanın, regionun və xüsusilə Avropanın enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.
Bayraktar Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində yaradılmış işçi qruplarının fəaliyyətini də yüksək qiymətləndirib. O, texniki qurumlar və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin gələcək layihələrin həyata keçirilməsi baxımından mühüm olduğunu vurğulayıb.
Nazir enerji sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının bundan sonra da iki ölkənin ümumi rifahına və regionun inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.












