“Etilen-Polietilen Zavodu”na media turu təşkil olunub
20 Sentyabr – Neftçilər Günü ərəfəsində SOCAR-ın Enerji Dialoqu Platforması çərçivəsində “Etilen-Polietilen Zavodu”na media turu təşkil olunub.
1news.az xəbər verir ki, media turunda 30-dan çox kütləvi informasiya vasitəsinin nümayəndəsi iştirak edib.
Tədbirin əvvəlində iştirakçılara zavodun fəaliyyəti, istehsal gücü, eləcə də son illərdə burada həyata keçirilən yenidənqurma və modernləşdirmə layihələri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, zavodda etilen, polietilen, həmçinin buxar və elektrik enerjisi istehsalı sahələri fəaliyyət göstərir.
Aparılan yenidənqurma və modernləşdirmə işlərindən sonra zavodun illik layihə istehsal gücü etilen üzrə 190 min ton, propilen üzrə isə 187 min tona çatdırılıb.
2001-ci ildə istismara verilən buxar və elektrik enerjisi istehsalı sahəsi zavodun istehsal sahələrini buxar və elektrik enerjisi ilə təmin edir.
Daha sonra media nümayəndələri zavodun istehsal sahələri ilə tanış olublar.














