Bank kartlarının sayına tətbiq edilən limitlərlə bağlı ABA-dan açıqlama - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bank kartlarının sayına tətbiq edilən limitlərlə bağlı ABA-dan açıqlama - YENİLƏNİB

Qafar Ağayev20:28 - 24 / 09 / 2026
Bank kartlarının sayına tətbiq edilən limitlərlə bağlı ABA-dan açıqlama - YENİLƏNİB

Azərbaycan Banklar Assosiasiyası son günlər ödəniş kartlarının sayı ilə bağlı ictimaiyyətdə yaranan sualları nəzərə alaraq, məlumat yayıb. 

1news.az xəbər verir ki, açıqlamada bildirilir:

“Azərbaycan Banklar Assosiasiyası tərəfindən qəbul edilmiş yanaşmaya əsasən, əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş ödəniş kartları, sahibkarlıq hesabına bağlı ödəniş kartları, habelə depozit hesablarına bağlı ödəniş kartları istisna olmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur.

 Nəzərə alınmalıdır ki, müştərilər tərəfindən ödəniş kartının istifadə məqsədi barədə banka ağlabatan izahat təqdim edildiyi, həyata keçirilən əməliyyatların bankda ödəniş xidməti istifadəçisi barədə mövcud məlumatlarla uyğunluq təşkil etdiyi, habelə qeyri-qanuni məqsədlərlə istifadə edilmədiyinə əminlik yarandığı hallarda müştərilərə bir məhsul üzrə əlavə ödəniş kartlarının verilməsi banklar tərəfindən sərbəst şəkildə təmin olunur.

Beləliklə, bu yanaşmanın əsas məqsədi ödəniş xidməti istifadəçilərinin ehtiyaclarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunmasını təmin etməklə yanaşı, təhlükəsiz, dayanıqlı və sağlam ödəniş ekosisteminin formalaşdırılmasına töhfə verməkdir” - deyə məlumatda qeyd olunub.

***

17:43

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub.

1news.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib.

Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır.

Banklardan bəziləri bu məhdudiyyəti tətbiq etsə də, digərləri satışı oktyabrın 1-dən dayandıracaq.

Məsələn, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikincini sifariş verə bilməyəcək.

Qeyd edək ki, fərqli valyutada bir vətəndaş ikinci debet kartı sifariş edə bilir.

Xatırladaq ki, bundan əvvəl ölkədə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Avqustun 1-dən tətbiq olunan qaydaya əsasən, istifadəçiyə məxsus olan hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20 min manat mədaxil limitləşdirilib. Məxaric əməliyyatları isə limitsizdir.

Paylaş:
825

Son xəbərlər

Bütün xəbərlər