Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb - YENİLƏNİB

1news Redaksiyası12:15 - Bu gün
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb - YENİLƏNİB

İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi həyata keçirilib. Paytaxtdan səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Cəbrayılın Şükürbəyli kəndi 9 ailə olmaqla daha 60 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər. Qeyd edək ki, kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.

Şükürbəyli kəndində hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib.

Bununla yanaşı, kənddə 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla ümumilikdə 2522 nəfərin - 615 ailənin köçürülməsi nəzərdə tutulur.

Beləliklə, uzun illər həsrətlə doğma yurda qayıdışı gözləyən insanlar üçün Şükürbəylidə yeni həyat başlayıb. Burada həyata keçirilən quruculuq işləri “Böyük Qayıdış” proqramının uğurlu icrasının daha bir nümunəsidir. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər.

 

 

 

08:57

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə - 60 nəfər, Xocalı şəhərinə 17 ailə - 78 nəfər, Xocavənd şəhərinə 16 ailə - 55 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Paylaş:
196

Son xəbərlər

Bütün xəbərlər