Elnur Bağırov: Azərbaycanda rəqabət siyasətinin yeni mərhələsi başlayır
“Azərbaycanın rəqabət siyasətində yeni mərhələnin əsas məqsədi hüquqi və institusional islahatların praktik nəticələrini gücləndirməkdir”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov III Milli Rəqabət Forumunda çıxışında deyib.
O bildirib ki, son illərdə həyata keçirilən iqtisadi islahatlar ölkənin iqtisadi dayanıqlığının güclənməsinə, sahibkarlıq və investisiya imkanlarının genişlənməsinə mühüm töhfə verib.
Agentlik sədri qeyd edib ki, 2024-cü ildə Rəqabət Məcəlləsinin qüvvəyə minməsi və 2025-ci ildə Agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı imzalanan fərman rəqabət siyasətinin hüquqi və institusional əsaslarını yeni mərhələyə yüksəldib.
“İqtisadi inkişafın yeni mərhələsində bazar institutlarının təkmilləşdirilməsi, özəl təşəbbüs üçün daha geniş imkanların yaradılması və sağlam rəqabət mühitinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir”, – deyə E.Bağırov vurğulayıb.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 sentyabr 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənən “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı” bu sahədə yeni strateji istiqamətləri müəyyən edir.
Onun sözlərinə görə, Planın əsas məqsədi rəqabət mühitini yaxşılaşdırmaqla özəl investisiyaların artımını stimullaşdırmaq, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artıma nail olmaqdır.
E.Bağırov qeyd edib ki, sənəddə ölkə və regionlar üzrə rəqabət səviyyəsinin ölçülməsi, rəqabət xəritəsinin hazırlanması, elmi-analitik təhlilin inkişafı və rəqabət mədəniyyətinin yüksəldilməsi kimi istiqamətlər nəzərdə tutulur.
“Sağlam rəqabət bazarlarda resursların daha səmərəli bölüşdürülməsinə, müəssisələrdə məhsuldarlığın və idarəetmə keyfiyyətinin yüksəlməsinə, innovasiya və yeni investisiyaların təşviqinə şərait yaradır”.
O əlavə edib ki, Milli Fəaliyyət Planının ardıcıl icrası sahibkarlıq və investisiya fəallığının artmasına, dövlət və özəl sektor arasında daha səmərəli iqtisadi münasibətlərin formalaşmasına, eləcə də istehlakçı rifahının yüksəlməsinə xidmət edəcək.












