“Sülh körpüsü”: Dialoqdan konkret addımlara – Dilicandakı görüşün iştirakçıları yekunları dəyərləndiriblər

2026-cı il noyabrın 26–27-də Dilican şəhərində (Ermənistan) “Sülh körpüsü” Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” formatında ikitərəfli müzakirələr keçirilib.
Görüş “dəyirmi masa” formatında təşkil olunub. Tədbirdə hər iki ölkənin vətəndaş cəmiyyəti təşkilatlarının, media strukturlarının, analitik və ekspert dairələrinin təxminən 60 nümayəndəsi iştirak edib. Bu, “Sülh körpüsü” Təşəbbüsü çərçivəsində keçirilən beşinci görüş olub.
İki gün ərzində bir sıra görüşlər və müzakirələr təşkil edilib.
İştirakçılar 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması perspektivlərini, həmçinin iki cəmiyyət arasında qarşılıqlı etimadın formalaşdırılması üçün mümkün tədbirləri müzakirə ediblər.
Bundan başqa, dayanıqlı iqtisadi əməkdaşlığın perspektivləri, Cənubi Qafqazda ticarətin və kommunikasiya marşrutlarının inkişafı, eləcə də humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gündəliyə həmçinin gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa, uzunmüddətli əlaqələrin qurulması məsələləri daxil edilib.
“Sülh körpüsü” Təşəbbüsü çərçivəsində “dəyirmi masa” formatında keçirilən beşinci müzakirələrin iştirakçıları Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və bu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə də görüşüblər. Görüşlər zamanı iştirakçılar erməni rəsmilərinə suallar ünvanlayıb, daha sonra fikir mübadiləsi aparıb və səsləndirilən fikirləri müzakirə ediblər.


Həmçinin komitələr üzrə müzakirələr təşkil edilib. İştirakçılar müvafiq komitələrdə mövcud problemləri nəzərdən keçirib, əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanları dəyərləndiriblər.
Komitələr aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərib: İqtisadi məsələlər və infrastruktur; Humanitar və sosial məsələlər; Ətraf mühit məsələləri; Media; Təhsil, ictimai narrativlər və gənclərlə iş; Siyasi və geosiyasi məsələlər.
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin bu görüşü iki cəmiyyət arasında birbaşa dialoqun, qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti addım olub. Görüş sülh gündəliyi ətrafında konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyib.
“Sülh körpüsü” Təşəbbüsü əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.
Dilicanda keçirilən müzakirələrin yekunlarını, profil komitələrdə işin dinamikasını və gələcək dialoqun perspektivlərini görüşün iştirakçıları 1news.az-a eksklüziv şərhlərində dəyərləndiriblər.
Topçubaşov Mərkəzinin həmtəsisçisi Murad Muradov:
“Beşinci görüş həqiqətən uğurlu alındı — hər şeydən əvvəl ona görə ki, ilk dəfə bu qədər geniş və təmsilçi tərkib bir araya gəldi: təxminən 60 iştirakçı. Belə format ölkələrimiz arasında geniş sülh gündəliyinin əsasını təşkil edə biləcək mövzuları konkret və dərindən müzakirə etməyə imkan verdi. Xüsusilə dəyərlidir ki, demək olar, bütün iştirakçılar öz missiyalarına vicdanla yanaşdılar və hətta bu günədək həssas olaraq qalan məsələlərin müzakirəsi zamanı belə konstruktiv və fəal mövqe nümayiş etdirdilər.
Narrativlər, təhsil və gənclər gündəliyi ilə işləyən qrupun nümayəndəsi kimi qeyd edim ki, əməkdaşlıq perspektivlərinin müzakirəsi olduqca məhsuldar keçdi. Ümid edirəm ki, “Sülh körpüsü” platformasının genişlənməsi və qarşısında duran vəzifələr sülh gündəliyinin inkişafına və dərinləşməsinə kömək edəcək. Şübhəsiz ki, tərəflər arasında etimad bir anda formalaşmır — bu, zaman və ardıcıl iş tələb edir. “Sülh körpüsü” bu yolu keçmək, etimadlı dialoqla yanaşı, real və praktiki əməkdaşlıq üçün də meydan yaratmaq baxımından unikal şansdır”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev:
“Mənim fikrimcə, beşinci görüş ən məhsuldar alındı. Həm müzakirələrin məzmununa, həm də iştirakçıların sayına görə əvvəlkiləri üstələdi. Bütün komitələrdə məzmunlu təşəbbüslər səsləndirildi. Mən şəxsən İqtisadiyyat və Nəqliyyat Komitəsinin işində iştirak etmişəm və qeyd edə bilərəm ki, nəqliyyat sahəsində müsbət dinamika hələ bizim yola düşməyimizdən əvvəl özünü göstərmişdi: TRIPP üzrə praktiki işlərə artıq start verilib və bu, çox ümidvericidir.
Güman edirəm ki, növbəti görüşlər zamanı bu marşrutu həm bizim tərəfdə, həm də Ermənistan ərazisində yerində nəzərdən keçirmək və tikinti işlərinin gedişini qiymətləndirmək mümkün olacaq. Bizdə işlərin böyük hissəsi artıq yerinə yetirilib və bu barədə mütəmadi danışırıq. Vacib olardı ki, erməni tərəfi də nədən danışdığımızı öz gözləri ilə görsün, marşrutun onların sərhədinə qədər, eləcə də Ermənistan ərazisindən sonra Naxçıvan istiqamətində necə yenidən qurulduğu, işlərin hansı mərhələdə olduğu barədə real təsəvvür formalaşdırsın.
Ümumilikdə görüş məhsuldar keçdi və artıq gələcək üçün konkret zəmin müəyyənləşdirilib. Əminəm ki, təmasların genişlənməsi və iqtisadi əlaqələrin möhkəmlənməsi hər iki tərəfin — həm Azərbaycanın, həm də Ermənistanın qazanacağı dayanıqlı sülhün təməli olacaq”.
Qafqaz Siyasi Təhlil Mərkəzinin direktoru Əhməd Əlili:
“Düşünürəm ki, bu görüş, hər şeydən əvvəl, 2026-cı ilin sentyabrında baş vermiş böhran fonunda xüsusi əhəmiyyət daşıyırdı. Həm hökumət nümayəndələrinin, həm də ekspert cəmiyyətinin bu vəziyyətin öhdəsindən necə gəlməsi Ermənistan və Azərbaycan arasında sülh prosesinin böyük potensialından xəbər verir. Bu, vaxtaşırı baş verən geosiyasi sarsıntılara qarşı artıq müəyyən immunitet formalaşdığını göstərir.
Bu kontekstdə görüş göstərdi ki, həm erməni, həm də Azərbaycan cəmiyyətləri faktiki olaraq 2023-cü ilin sonunda, “Sülh körpüsü” platforması çərçivəsində isə 2025-ci ilin sonundan başlanmış yolu davam etdirməyə hazırdır. Dilicanda əsas məsələlərin müzakirəsinin xarakteri, ekspertlərin reaksiyası və diskussiya zamanı ortaya çıxan yeni ideyalar bunu təsdiqləyir. Bu prosesə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına sanballı töhfə verə biləcək yüksək ixtisaslı mütəxəssislər cəlb olunub.
Söhbət artıq gözəl sözlərdən getmir. Orada toplaşmış iştirakçılar konkret addımlar üzərində işləməyə və Ermənistanla Azərbaycan arasında sülh prosesini real şəkildə irəli aparmağa hazırdırlar. Məhz bu mənada keçirilmiş görüş əvvəlki raundlardan və digər danışıq formatlarından keyfiyyətcə fərqlənir”.









