Muarem «Qarabağ»a qayıda bilər
“Əskişəhərspor” iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Sportbox.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, onlardan biri yayda “Qarabağ”dan transfer edilən Muarem Muaremdi.
Yenicə baş məşqçi postuna Samet Aybabanı gətirən Əskişəhər təmsilçisinin yunanıstanlı hücumçu Teofanis Gekasla vidalaşacağı artıq dəqiqdi. Klubdan ayrılmaq istədiyini bildirən təcrübəli forvardın müqaviləsi ləğv ediləcək və onunla yollar ayrılacaq.
Aybaba həmçinin mövsümlərarası fasilədə “Qarabağ”dan alınan Muaremin də xidmətinə ehtiyac duymur. Bu mövsüm cəmi 2 rəsmi matçda meydançaya çıxan makedoniyalı yarımmüdafiəçinin müqaviləsi ən geci qış fasiləsində ləğv ediləcək.
Onun yenidən “Qarabağ”a dönmək ehtimalı heç də az deyil. Futbolçu bu yaxınlarda yerli mətbuata açıqlamasında “Əskişəhərspor”dan ayrılacağını və təklif gələrsə, Ağdam təmsilçisinə qayıda biləcəyini istisna etməmişdi.
Qeyd edək ki, Muarem 2012-2015-ci illərdə “Qarabağ”ın formasını geyinib.
Sportbox.az