Kəmaləddin Heydərov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broek ilə görüşüb.
1news.az-ın məlumatına görə, nazir K.Heydərov BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə Antonius Broeki təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
O, Fövqəladə Hallar Nazirliyinin kollektivi adından nazirliklə məhsuldar əməkdaşlığa görə qonağa təşəkkür edib.
A.Broek səmimi görüşə və xoş sözlərə görə təşəkkürünü bildirib, BMT-nin Azərbaycan nümayəndəliyinin Fövqəladə Hallar Nazirliyi ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1news.az