Səlim Müslümov: Gənclər arasında işsizlik səviyyəsi azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Səlim Müslümov: Gənclər arasında işsizlik səviyyəsi azalıb

12:22 - 28 / 12 / 2015
Səlim Müslümov: Gənclər arasında işsizlik səviyyəsi azalıb

“Azərbaycanda yaşanan dinamik iqtisadi tərəqqinin mühüm nailiyyətlərindən biri də milli əmək bazarında stabilliyin təmin edilməsidir”.

1news.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, iqtisadiyyatın qeyri-neft bölməsinin genişlənməsi üçün aparılan məqsədyönlü islahatlar bu sektorun dinamik artımını və onun əmək bazarının inkişafında da önəmli faktor kimi çıxış etməsini, hazırda muzdla işləyən əhalinin 94%-ə qədərinin məhz bu sektorda cəmləşməsini şərtləndirib.

“Ötən ilin statistikasına əsasən, iqtisadiyyatda məşğul əhalinin 51,1%-i kənd təsərrüfatı, balıqçılıq, sənaye və tikinti sahələrində çalışır. Sahibkarlığın inkişafına davamlı dövlət dəstəyi özəl sektorda məşğul əhalinin getdikcə çoxalmasına səbəb olur. Hazırda muzdla çalışan əhalinin də 41,6%-i və ya 626,8 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Dünya ölkələrində böhran səbəbindən işsizliyin kəskinləşdiyi, eləcə də Avropa İttifaqında işsizliyin 9,6%-ə yüksəldiyi halda, Azərbaycanda bu göstəricinin MDB məkanında ən aşağı səviyyəyə - 4,9%-ə enməsinə nail olunub. Gənclərin məşğulluğu sahəsində də ölkəmizdə mühüm işlər görülüb və son 5 ildə ölkədə 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,7%-dək, 15-24 yaşda isə 14,9%-dən 13,5%-dək azalıb”, - deyə S. Müslümov vurğulayıb.

S. Müslümov işsizliyin aradan qaldırılması sahəsində nazirlik tərəfindən də məqsədyönlü işlər aparıldığını, nazirliyin məşğulluq orqanları tərəfindən cari ilin 11 ayında 27 146 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə, 1 600 nəfərə yaxın şəxs ödənişli ictimai işlərlə, əmək birjaları vasitəsilə 3 774 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edildiyini bildirib: “İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün qeyd olunan dövrdə 3 977 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% və ya 404 nəfər çoxdur. Habelə 100 min nəfərə yaxın gəncə gələcək peşə və ixtisas seçimində köməklik üçün peşəyönümü məsləhətləri verilib. Ümumiyyətlə, məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların sayı son on ildə 2,5 dəfədən çox artıb”.

Nazir cari ilin yanvar-oktyabr aylarında 743 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaş kvota üzrə işlərlə təmin edildiyini, onlardan  240 nəfərini əlilliyi olan şəxslər, 159 nəfərini məcburi köçkünlər, 156 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, qalanlarını digər müvafiq kateqoriyalardan olanların təşkil edildiyini qeyd edib: “Bu dövrdə 508 nəfər əlilliyi olan şəxs,  164 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək insan və internat məktəblərini bitirmək ərəfəsində olan, valideyn himayəsindən məhrum olmuş gənc əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib”

Bundan başqa, S. Müslümov vurğulayıb ki, Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" Sosial Müəssisəsi kimi fəaliyyət göstərən binada müəssisədəki ictimai iaşə obyektlərində binada yaşayanların özlərinin işləməsi, yəni onlardan 35 nəfərinin elə yaşadıqları müəssisədə işlə təmin olunması nəzərdə tutulub: “Bizim gündəliyimizdə duran məsələlərdən biri də "Məzun evi"ndə yaşayan digər gənclərin məşğulluğunun təminatı üçün onları aktiv məşğulluq tədbirlərinə, o cümlədən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb etməkdir”.

“Hazırlanan yeni Məşğulluq Konsepsiyasında sosial cəhətdən həssas qruplara aid  şəxslərin əmək bazarına çıxış imkanlarının artırılmasına xüsusi diqqət yetirilib. Həmçinin əlilliyi olan şəxslərlə bağı yeni qanunvericilik layihələrində də bu şəxslərin iş yerləri ilə təminatı üçün məqsədyönlü tədbirlər əksini tapıb”, - deyə nazir bildirib.

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər