Sərxoş sürücü polisi öldürdü
Dünən saat 01:00 radələrində Bakının Füzuli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Bakı şəhər prokurorluğuna istinadən verdiyi xəbərə görə, 1993-cü il təvəllüdlü Seyran Seyidov sərxoş vəziyyətdə idarə etdiyi “KİA” markalı, 90 NK 946 dövlət qeydiyyat nişanlı avtomobillə Füziuli küçəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək Bülbül prospekti ilə hərəkətdə olan Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus “Volkswagen” markalı 99 AP 139 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə “Volkswagen” markalı avtomobildə olan sərnişin, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı İsa Şirinov Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilmiş və aldığı xəsarətdən orada vəfat edib. Həmin avtomobilin sürücüsü Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Bəhrəm Ələkbərov isə kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
”KİA” markalı avtomobilin sürücü S.Seyidov şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1news.az