Azərbaycan Milli Məclisi ilə Dağıstanın Xalq Məclisi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Milli Məclisi ilə Dağıstanın Xalq Məclisi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

22:41 - 12 / 05 / 2016
Azərbaycan Milli Məclisi ilə Dağıstanın Xalq Məclisi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb

Mayın 12-də Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Dağıstan Respublikasının Xalq Məclisi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərəgörə, sənəd Milli Məclisin sədri Oqtay Əsədovun Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovla görüşündə imzalanıb.

Görüşdə O.Əsədov bildirib ki, Azərbaycan ilə Rusiya arasında çox qədim dostluq və qonşuluq münasibətləri mövcuddur. Azərbaycanla Rusiyanın subyekti olan Dağıstan arasında əməkdaşlığın dərinləşməsində Prezident İlham Əliyevin və Rusiyanın dövlət başçısı Vladimir Putinin mühüm rolu var. Bu gün Azərbaycan ilə Dağıstan arasındakı münasibətlər bütün sahələrdə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu gün həm də Azərbaycanda Dağıstan mədəniyyət günləri başlanır və bu, bizim ölkəmiz üçün önəmli bir hadisədir.

O.Əsədov münasibətlərimizin genişlənməsində və möhkəmlənməsində parlamentlərin rolunu xüsusi qeyd edib, qanunvericilik sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini bildirib.

Xalq Məclisinin sədri X.Şixsaidov Dağıstanın Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O, Azərbaycanın böyük oğlu Heydər Əliyevlə Dağıstan nümayəndə heyətlərinin görüşünü məmnunluqla xatırlayaraq bu dahi şəxsiyyəti zəmanəsinin görkəmli siyasi xadimi kimi dəyərləndirib.

Qonaq görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin dünən Mahaçqala şəhərində abidəsinin təntənəli açılışını dağıstanlıların onu daim qəlblərində yaşatmalarının, Dağıstanın inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirmələrinin bariz nümunəsi kimi qiymətləndirib.

X.Şixsaidov dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etdirilməsində, möhkəmləndirilməsində, eləcə də qanun yaradıcılığı işində Milli Məclisə uğurlar diləyib. Bildirib ki, dağıstanlılar Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllini arzulayırlar.

Sonra qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.

1news.az

 

Paylaş:
565

Son xəbərlər

Bütün xəbərlər