Müdafiə Nazirliyi: Ermənilərə məxsus 2 ədəd PUA məhv edilib
“Silahlı Qüvvələrimizin sərəncamında olan bütün məxsus pilotsuz uçuş aparatları (PUA) yerindədir”.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının vurulmasına dair iddiasına cavab olaraq bildiriblər:
“Dəqiq məlumata görə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir. Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib. Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib”.
Xatırladaq ki, aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi.
Aprelin 5-də saat 12:00-dan etibarən təmas xəttində hərbi əməliyyatlar dayandırılıb.
Aprelin 27-dən 28-nə keçən gecə Ermənistan silahlı bölmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur. Ermənilərin atəş açması nəticəsində aldığı xəsarətlərdən bir Azərbaycan vətəndaşı həlak olub.
Azərbaycanın 20% torpaqları – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır.
1news.az