Misir Azərbaycanla turizm sahəsində səmərəli əməkdaşlığa maraq göstərir - FOTO
Ən yaxın zamanda Bakıdan Misirə birbaşa təyyarə reysinin açılması planlaşdırılır. Uçuş cəmi 4 saat davam edəcək və bir biletin qiyməti orta hesabla 350 ABŞ dollar olacaq.
Azərbaycanlıların Misirdəki turizm imkanlarından faydalanması baxımından, Misir Turizm Nazirliyi və Misirin turoperatorları hər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirmək əzmindədirlər.
1news.az Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu fikirləri ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının turizm sahəsi üzrə rəsmi qurumlarının təmsil olunduğu nümayəndələri BAMF rəhbərliyi ilə görüşləri zamanı səsləndiriblər.
Görüşdə Misirin Turizm İdarəsinin rəhbəri Əhməd Şokri, idarənin Praqadakı rəsmi nümayəndəsi Məhəmməd Desuki, Misir Otelyerlər Assosiasiyasının rəhbəri Əhməd Əyyub, Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami iştirak ediblər.
Qonaqları salamlayan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsinin vacib əhəmiyyət daşıdığını vurğulayıb. Misirin dünya ölkələri arasında daha çox inkişaf etmiş turizm sahəsi ilə tanındığını xüsusi qeyd edən U.Mirzəyev bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinin Azərbaycan, o cümlədən ölkənin aparıcı vətəndaş cəmiyyəti təmsilçisi olaraq BAMF üçün də faydalı ola biləcəyini bildirib. Fond sədri qonaqlara Beynəlxalq Avrasiya Mətbuat Fondunun təsis etdiyi “Avrasiya Gündəliyi” (Eurasiya Diary) analitik informasiya portalı haqqında geniş məlumat verib.
Misirdə turizm sənayesinin ölkə iqtisadiyyatının prioritet istiqamətlərdən olduğunu vurğulayan Əhməd Şokri son illər bu sahədə böyük irəliləyişlərə nail olunduğunu qeyd edib. Qonaqlar bildiriblər ki, səfər çərçivəsində rəsmi nümayəndə heyəti ilə yanaşı, Misirin 13 aparıcı turoperatoru da yerli turizm şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmaq üçün Bakıya gəliblər.
Görüş turizm sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam edib.
1news.az