Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

15:41 - 19 / 05 / 2016
Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Mayın 19-da Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin rəhbəri Yelena Aymone Sessera ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə Bahar Muradova ermənilərin girov götürdüyü azərbaycanlıların azad edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi ilə birgə göstərilən səylərin daha da artırılmasının vacib olduğunu vurğulayıb.

O bildirib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlığa önəm verir. Uzun illərdir ki, bu əməkdaşlıq həm təşkilatın dəyərlərinə, həm də Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir.

Beynəlxalq Qızıl Xaç Komitəsi ilə faydalı əməkdaşlığın razılıq doğurduğunu deyən Milli Məclis sədrinin müavini bildirib ki, ölkəmiz bu qurumla hər zaman əsas fəaliyyət prinsipinə uyğun olaraq işləməyə üstünlük verib. Bahar Muradova ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə keçirdikləri narahatlığa görə Beynəlxalq Qızıl Xaç Komitəsinə təşəkkürünü bildirib və eyni zamanda, vurğulayıb ki, onların azad edilməsi üçün hələ də ciddi addım atılmayıb.

“Biz münaqişə zonasında yaşayan insanlara kömək göstərmək üçün əlimizdən gələni etməyə hazırıq”, - deyən Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin rəhbəri Yelena Aymone Sessera qurumun ölkəmizlə yaxşı əməkdaşlıq qurduğunu və lazımı dəstəyi aldıqlarını diqqətə çatdırıb. O, bu faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.

Komitənin Bakı ofisinin rəhbəri Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə həyata keçirdikləri müxtəlif layihələrdən, ANAMA-nın münaqişə zonasındakı səmərəli fəaliyyətindən də söz açıb.

1news.az

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər