Azərbaycan və Yaponiya XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Yaponiya XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

22:20 - 20 / 05 / 2016
Azərbaycan və Yaponiya XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Mayın 20-də Azərbaycan və Yaponiya arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti iclası çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov və Yaponiyanın Xarici İşlər Nazirliyinin Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Toşihiro Aiki arasında görüş keçirilib.

1news.az-ın məlumatına görə, X.Xələfov ölkəmizin Yaponiya ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti iclasının ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirdi. Azərbaycan və Yaponiya arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edən X.Xələfov Yaponiyanın Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu xüsusilə qeyd etdi.

Nazir müavini iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə yüksək səviyyəli səfər mübadilələrinin xüsusi töhfə verdiyini diqqətə çatdıraraq bu istiqamətdə qarşılıqlı fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini vurğuladı. Eyni zamanda hər iki ölkənin parlamentləri və iqtidar partiyaları arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirdi.

X.Xələfov Azərbaycan və Yaponiya arasında iqtisadi məsələlər üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunaraq, iqtisadiyyat və enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların mövcud olduğunu vurğuladı.

Nazir müavini regionda irimiqyaslı nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın rolu haqqında məlumat verərək, Yaponiyanın regional əməkdaşlıq çərçivəsində sözügedən layihələrdə gələcəkdə də iştirakının mümkünlüyünü qeyd etdi. Yapon şirkətlərinin Azərbaycandakı fəaliyyəti haqqında danışan X.Xələfov onları sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları, istehsalat, səhiyyə, əczaçılıq və turizm kimi sahələrdə daha fəal olmağa dəvət etdi.

X.Xələfov iki ölkə arasında humanitar, mədəniyyət, elm və təhsil sahələrində son illər ərzində həyata keçirilən əməkdaşlığı yüksək qiymətləndirərək, bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etdi.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan X.Xələfov Ermənistan silahlı qüvvələrinin təmas xəttində azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi son təxribatlar, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Prezidentlərinin Vyanada münaqişə ilə bağlı yüksək səviyyəli görüşü haqqında məlumat verdi. Nazir müavini ATƏT-in Minsk Qrupunun üzvləri də daxil olmaqla, bütün beynəlxalq ictimaiyyətin işğala əsaslanan mövcud status-kvonun qəbuledilməz olduğu faktını qəbul etdiyini vurğuladı. Bu baxımdan BMT TŞ-nin məlum qətnamələrinin dərhal həyata keçirilməsinin zəruriliyini vurğuladı.

Toşihiro Aiki Yaponiyanın Azərbaycan ilə xüsusi münasibətlərə malik olduğunu qeyd edərək, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan yaponiyalı diplomat ölkələrimiz arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini nəzərə çatdırdı. Həmçinin parlamentlər və iqtidar partiyaları arasında əməkdaşlığın gələcək inkişafında Yaponiyanın maraqlı olduğunu bildirdi.

O, Azərbaycanın regionda sülh, sabitlik və enerji təhlükəsizliyinin təmin olunmasında verdiyi töhfələrin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini xüsusilə qeyd etdi.

Yaponiyanın Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirən Toşihiro Aiki Azərbaycan-Yaponiya Hökumətlərarası İqtisadi Komissiyanın növbəti iclasının ən qısa müddət ərzində keçirilməsinin vacibliyini bildirdi və ölkəsinin Azərbaycan ilə enerji, sənaye, kənd-təsərrüfatı, yüksək texnologiyalar və digər qeyri-neft sektoru sahələrində əməkdaşlıqda maraqlı olduğunu vurğuladı.

Humanitar, mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığa toxunan yaponiyalı diplomat iki ölkə arasında müxtəlif mədəni tədbirlərin təşkil olunması, regionlar arasında təmasların artırılması, universitetlər arasında tələbə və müəllimlər üçün müxtəlif mübadilə proqramlarının həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. Bu baxımdan, ADA Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti ilə Yaponiyanın bir sıra ali təhsil ocaqları arasında həyata keçirilən əməkdaşlığın təqdirəlayiq olduğunu nəzərə çatdırdı.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Toşihiro Aiki ölkəsinin münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirdi. Həmçinin son hadisələr də daxil olmaqla bu münaqişə nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşları ilə bağlı başsağlığını ifadə etdi.

Görüşdə həmçinin GUAM-Yaponiya əməkdaşlığının perspektiv inkişafı kimi məsələlərə dair fikir mübadiləsi aparıldı.

Eyni zamanda beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq və hər iki ölkənin yerləşdiyi regionlarda mövcud siyasi, təhlükəsizlik və iqtisadi vəziyyət ətraflı müzakirə olundu.

1news.az

 

Paylaş:
631

Son xəbərlər

Bütün xəbərlər