İraq qəzetində Azərbaycanla bağlı məqalə dərc edilib
İraqın “əl-Muraqib əl-İraqi” qəzetində tanınmış jurnalist Mutəz Muhy Əbdülhəmidin “Azərbaycanın müstəqilliyinin ildönümündə: Müasir dövlət, plüralizmə və təsisatlara əsaslanan vətəndaş cəmiyyəti” adlı məqaləsi dərc edilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, müəllif məqalədə xalqımızın qonaqpərvərlik, tolerantlıq, xeyirxahlıq kimi xüsusiyyətlərini, onun Qafqazın yerli xalqlarından olduğunu diqqətə çatdırır. “Azərbaycan xalçasının naxışları bu ölkənin mədəniyyətini, tarixinin qədimliyini, xalqın ətraf aləmə baxışını ifadə etmək üçün tamamilə uyğundur. Xalçalar dövrümüzdə də bu müsəlman xalqın təkcə maddi həyatında deyil, həm də mənəvi dünyasında da mühüm rol oynayır”,- deyə müəllif vurğulayır.
Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumundakı nitqindən fikirlərə də yer verilir: “Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb”.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif qeyd edir ki, bu problem Ermənistan tərəfindən təcavüz başlayandan bəri beynəlxalq təşkilatların diqqət mərkəzində olub. Beynəlxalq qurumlar erməni təcavüzünü pisləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionundan çıxmasını tələb edən və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına çağıran qətnamələr qəbul ediblər.
Azərbaycanın bu münaqişəni sülh yolu ilə həll etməyə çalışdığını bildirən jurnalist yazır: “Azərbaycan tərəfi dəfələrlə bildirib və əməli şəkildə göstərib ki, münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Azərbaycanın mövqeyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həll edilməsinə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsiplərinə əsaslanır”.
1news.az