Bakının daha bir küçəsində təmir işləri yekunlaşıb - FOTO - VİDEO
Uzunluğu 650 metr, eni isə 14 metr olan küçə təmirdən sonra artıq tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, həmin küçədə təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənib, zəruri olan yerlərdə mövcud səkilər bərpa olunaraq, asfaltlanıb. Ümumilikdə yol kənarlarına 1100 paqon-metr yeni səki daşı düzülüb.
Bundan başqa asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə isə 10 min m2 sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Aparılan işlər zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqları yenisi ilə əvəzlənib.
Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.
1news.az