Xalq Artisti Ramiz Fətəliyevin anadan olmasının 70 illiyi qeyd olunub - FOTO
İyunun 7-də Nizami Kino Mərkəzində görkəmli kinossenarisi, Xalq Artisti Ramiz Fətəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir keçirilib.
1news.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri, sənətkarın dostları və yaxınları iştirak edirdi.
Yubiley gecəsində əvvəlcə sənətkarın keçdiyi həyat yolunu əks etdirən sənədli film nümayiş olundu.
Mərasimdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev Ramiz Fətəliyevlə sıx dostluq əlaqələrindən danışdı:
“Ramiz Fətəliyev haqqında kifayət qədər yaxşı söz demək mümkündür. O, möhtəşəm ssenarist, yazıçı, rejissordur. Ən əsası, dəyərli insandır. Onunla tanışlığım uzun illərə dayanır. Bu baxımdan onun haqqında saatlarla danışa bilərəm. Ramiz Fətəliyev Allah tərəfindən verilmiş istedada malikdir. İstedad isə sanki insanlar üçün bir sınaqdır. Hər kəs bu sınaqdan uğurla çıxmağa, qarşılığını verməyə müvəffəq olmur. Ramiz Fətəliyev istedadının haqqını verən sənət xadimlərindəndir”.
Gecədə çıxış edən Ramiz Fətəliyev onu “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi. Yubilyar həyat və fəaliyyətindən, tələbəlik və gənclik illərindən, eləcə də kino sənətinə gəlməsindən söhbət açdı, onun haqqında lentə alınan sənədli filmin yaradıcı kollektivinə, həmçinin yubiley gecəsini təşkil edən Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi.
Ramiz Fətəliyevin Azərbaycan mədəniyyətində xidmətlərini xüsusilə vurğulayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görkəmli şəxsiyyəti yaxından tanıdığına görə məmnunluğunu ifadə etdi: “Ramiz Fətəliyev təkcə yaradıcı şəxsiyyət deyil, həm də ölkənin həyatında önəmli yer tutan ictimai xadimlərdən biridir. Belə hərtərəfli şəxsiyyətin Azərbaycan tarixində xidmətləri danılmazdır”.
Nazir vurğuladı ki, ölkə Prezidentinin Ramiz Fətəliyevin 70 illik yubileyi ərəfəsində onun təltif olunması barədə iki sərəncam imzalaması sənətkara dövlət tərəfindən verilən yüksək qiymətdir.
Sonda Ramiz Fətəliyevin ssenarisi əsasında çəkilən filmlərdən fraqmentlər nümayiş olundu.
Qeyd edək ki, Ramiz Fətəliyev 1946-cı il iyunun 7-də Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib. 1974-cü ildən yaradıcılıq bioqrafiyası Azərbaycan kinematoqrafiyası ilə bağlıdır. Kinostudiyada baş redaktor və direktor (1986-1995) vəzifələrində çalışıb. Azərbaycan parlamentinin deputatı (1990-1995) olub.
Ramiz Fətəliyevin ssenariləri üzrə “Azərbaycanfilm”də “Rəqiblər” (kinonovella), “Ömrün ilk saatı” (T.Bəkirzadə ilə birgə), “Birisi gün, gecəyarısı” (M.Avdiyev, A.Donetslə birgə), “Sizi dünyalar qədər sevirdim”, “Xüsusi vəziyyət”, “Aşkarsızlıq şəraitində”, “Yaramaz” (V.Mustafayevlə birgə) filmləri, eləcə də SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq ekran əsəri (“Öz səadəti”, “Köhnə məktublar”, “Mənasız həyat” (Ukrayna), “Altıncı”, “Həyatın mənası” (Özbəkistan) və s.) lentə alınıb.
O, həmçinin rejissor kimi fəaliyyət göstərir. “Bir anın həqiqəti” (12 seriyalı), “Məhəllə”, “Qraf Krestovski” və digər bədii televiziya filmlərinə quruluş verib.
1news.az